Qaluzin: Bakıda Rusiya və Almaniya arasında Ukrayna ilə bağlı rəsmi danışıqlar aparılmayıb

Rusiya və Almaniya arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Bakıda heç bir rəsmi danışıqlar aparılmayıb.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "TASS"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfinin Almaniya ilə Ukrayna məsələsinin nizamlanması üzrə rəsmi təmasları olmayıb və hazırda da yoxdur.

“Almaniya ilə Ukraynadakı nizamlanma məsələləri üzrə heç bir rəsmi təmas olmayıb və yoxdur. Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikası və praktiki addımlarını nəzərə alsaq, belə təmasların olması da çətin ki, mümkün olsun”, – deyə Qaluzin bildirib.

Rusiya XİN rəsmisi bununla yanaşı, iki ölkənin müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlərin keçirildiyini qeyd edib.

“Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlər olub və davam edir”, – deyə diplomat vurğulayıb.

Qeyd edək ki, "The Times" nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb.

Qəzetin yazdığına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.