Qoşulmama Hərəkatı önəmli beynəlxalq təsisata çevrilib

Məhz bu səbəbdən təşkilat üzvlərinin öz təşəbbüsləri ilə Azərbaycanın quruma sədrlik müddəti 1 il uzadılıb


  Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın yekunlarına dair bəyanat qəbul edilib.

 Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Bütün qitələrdən 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı beynəlxalq hüququn fundamental prinsipləri, hələ də müstəmləkə hökmranlığına qarşı mübarizə aparan xalqları dəstəkləmək üçün yeni məqsədlər müəyyənləşdirməyi özünə borc bilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futunanın müstəqillik tərəfdarları Qoşulmama Hərəkatının müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə prinsipial mövqeyinin etibarlılığını bir daha təsdiqləyib və vurğulayıblar. Müxtəlif dekolonizasiya hərəkatlarının fikir mübadilələri nəticəsində bu xalqların gələcəyini, hətta uzunmüddətli perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu qeyd olunub. Bildirilib ki, Qayanada sosial vəziyyət xüsusilə pisləşir. Əhalinin 50 faizindən çoxu yoxsulluğun astanasındadır və işsizlik 30 faizdir. Təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Hər iki bölgədə gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırım həyata keçirilir. Təbii ekosistemlərə və əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəngin rekord göstəriciləri ilə xlordekon zəhərlənməsi baş alıb gedir. Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi 2021-ci ildəki 3-cü referenduma etiraz edir və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququnu bir daha təsdiqləyir. Polineziya indi tamamilə dekolonizasiya perspektivi ilə məşğuldur. Oskar Temarunun rəhbərlik etdiyi “Tavini huiraatira no te Ao Maohi” partiyası Qoşulmama Hərəkatında müşahidəçi statusu almaq istəyir. Eyni zamanda Afrika Mundus sferasının qeyri-hökumət diplomatik şəbəkəsi tərəfindən dəstəklənən, Bakıda olan anti-müstəmləkəçi hərəkatlar həm afroəsilli insanlara, həm də yerli xalqlara təsir edən müstəmləkə cinayətlərinə görə kompensasiya tələb edirlər. Onlar dünya ölkələrini, eləcə də beynəlxalq təşkilatları, o cümlədən BMT-ni özlərinin fundamental hüquqlarına hörmətin təmin edilməsinə yönəlmiş addımları dəstəkləməyə çağırırlar. Xalqlar arasında qlobal əməkdaşlığa, xalqların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərə yeni yanaşma formalaşdırmaq məqsədilə xalqlarının tam azad edilməsinə səy göstərirlər. Müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirməyi və gücləndirməyi öhdələrinə götürürlər. Tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər. Bəyanatı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və tədbirdə iştirak edən əcnəbi qonaqlar imzalayıblar. 

  Millət vəkili Cavid Osmanov "Sherg.az"a  açıqlamasında deyib ki, Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Deputatın sözlərinə görə, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclasında çox mühüm məsələlər müzakirə olundu: 

"Azərbaycan Prezidenti cənab İlham Əliyev konfransın açılış mərasimində bir sıra mühüm məqamlara toxundu. Dövlət başçısı Qoşulmama Hərəkatının institusional olaraq yeni dünya nizamına uyğun formalaşdırılmasından danışdı. 2019-cu ildən bu yana, yəni Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdən etibarən dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə gənclər, eyni zamanda parlament şəbəkəsi təsis edilib. Bunlar qurumun tarixində çox mühüm addımlardır. Çünki 2019-cu ilədək Qoşulmama Hərəkatı ciddi təsir mexanizminə, hansısa qərarların qəbul edilməsi gücünə sahib deyildi. Dövlət başçısının uğurlu siyasəti nəticəsində QH dünyada bir nömrəli beynəlxalq təsisata çevrilib. Məhz bu səbəbdən təşkilat üzvlərinin öz təşəbbüsləri ilə Azərbaycanın quruma sədrlik müddəti 1 il uzadılıb. Bu da onu göstərir ki, Azərbaycan quruma sədrliyi Qoşulmama Hərəkatının baza prinsiplərinə, beynəlxalq hüquqa uyğun həyata keçirir". 

Parlament üzvü vurğulayıb ki, həm dövlət başçısının çıxışında, həm də tədbir iştirakçılarının keçirdiyi dəyirmi masada Fransanın müstəmləkəçilik siyasətindən, çoxlu sayda qətliamlar törətməsindən ətraflı danışıldı və bunlara son qoyulmasına çağırış edildi:
 "Eyni zamanda müstəmləkə xalqlarının öz müqəddəratını müəyyən etməyin zamanın yetişdiyi vurğulandı. Qoşulmama Hərəkatı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bütün xalqların müstəqil yaşamasının zəruruliyini gündəmə gətirir. Bu mühüm platformadan istifadə edərək Azərbaycanın öz haqlı mövqeyini dünyaya nümayiş etdirməsi ilə yanaşı, QH-yə üzv ölkələrin, xalqların müdafiəsinin təşkilat tərəfindən təmin olunması və yeni dünya nizamına uyğunlaşması prosesi də həyata keçirilir".