Rusiya 3 addımla Ermənistanı çökdürməyə çalışacaq

Birinci satdığı qazın qiymətini bahalaşdıracaq

“Rusiyanın Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur”

"Nikol Paşinyan Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazası ilə doldurmağa müvəffəq olarsa, bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi?".

 Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur: "Ermənistanda möhkənlənmək istəyən Fransa bizə Rusiya qədər problem yarada bilməyəcək. Çünki qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görəcək. Bununla Fransa özünü bəlaya salacaq. NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqının və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu yalnız Fransanın istəyindən asılı deyil".
  
Analitikə görə, Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlaması ilə çıxacaq:

 "Rusiya 3 addımla Ermənistanı çökdürməyə çalışacaq. Birincisi, Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıracaq, ya da tamamilə kəsəcək. İkincisi, öz bazarını Ermənistan məhsullarına qapadacaq. Üçüncüsü isə Rusiyada çalışan ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq. Fransa bu problemlərin hansısa birinin həllində Ermənistana kömək edə biləcəkmi? Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəz edəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı?".