Sabah Ermənistanın sülh istəyib-istəməyəcəyi bəlli olacaq - Millət vəkili

  Məlum olduğu kimi, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistana birbaşa, o cümlədən dövlət sərhədində danışıqlar aparmağı təklif etmişdi. Buna cavab olaraq rəsmi İrəvan yalnız sərhəd demarkasiyası komissiyalarının iclasının keçirilməsini məqbul saymışdı. Noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyalarının növbəti 5-ci iclası keçiriləcək. Komissiyalara Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri - Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik edirlər və onlar əvvəllər danışıqlar aparıblar.
 Məsələ ondadır ki, Azərbaycan-Ermənistan arasında danışıqlar aylardır dalana dirənib. O baxımdan noyabrın 30-dakı görüşün baş tutması bütövlükdə bu prosesin yenidən işə düşməsi kimi qiymətləndirilir. Bəzi ekspertlərin fikrincə, görüşdə başlıca müzakirə predmeti sərhədlərin müəyyənləşdirilməsi üçün mövcud xəritələr ola bilər. Aydındır ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıblar və 1991-ci ilin Almatı Bəyannaməsi əsas götürülüb. 
  Millət vəkili, professor Musa Qasımlı "Sherg.az"a deyib ki, sərhəddə görüşün keçirilməsi faktının özü müsbət qiymətləndirilməlidir. Deputat diqqətə çatdırıb ki, Ermənistan Azərbaycanla bu məsələləri masa arxasında müzakirə etməlidir: 
"Digər dövlətlərin kənardan gələrək prosesə qarışması problemlərin üzə çıxmasına səbəb olur. O baxımdan noyabrın 30-da keçiriləcək görüş mühümdür. Ancaq Ermənistanın problemləri tənzimləmək istəyib-istəməyəcəyi həmin görüş zamanı bəlli olacaq. Düşünürəm ki, Ermənistan bu məsələlərdə səmimi deyil. Görünən odur ki, İrəvan vaxt uzatmaqla məşğuldur".