"ABŞ-nin Avropadakı müttəfiqlərinin silahlı qüvvələri zəifdir".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donadl Tramp Las-Veqasda öz tərəfdarları qarşısında çıxış edərkən bildirib.
"Onların güclü ordusu yoxdur, çünki həddindən artıq uzun müddət ərzində bizə ümid ediblər", - deyə ABŞ prezidenti vurğulayıb.
Tramp əlavə edib ki, Birləşmiş Ştatlar Co Bayden administrasiyasından dəhşətli bir xaos miras alıb. Onun hesablamalarına görə, əvvəlki prezidentin dövründə ABŞ qarşılıqsız olaraq təxminən 350 milyard dollar dəyərində silah paylayıb. Lakin indi, Amerika liderinin əminliklə bildirdiyi kimi, vəziyyət dəyişib və Birləşmiş Ştatlar Avropaya silahları yalnız satır.
Bundan əvvəl Donald Tramp Ukraynaya birbaşa silah tədarükü barədə məlumatları təkzib edərək, Vaşinqtonun hərbi sursatları yalnız NATO tərəfdaşlarına satdığını bəyan edib. O vurğulayıb ki, alyans dövlətləri silahların tam dəyərini ödəyirlər və onların sonradan necə paylanması ona məlum deyil.