“Hücumun arxasında rəsmi dairələrdən kiminsə əli ola bilər”
ABŞ Prezidenti Donald Tramp yenidən silahlı hücuma məruz qalıb. Hadisə aprelin 25-də başda prezident olmaqla, nazirlərin və rəsmi nümayəndələrin iştirak etdiyi şam yeməyində baş verib. Əlində silah tutan bir nəfər, təhlükəsizlik orqanlarının yanından çevikliklə keçərək qonaqları hədəf almağa cəhd göstərib. Hadisəni törədən 31 yaşlı Koul Tomas Allen saxlanılıb. Onun döyüş oyunları tərtibatçısı olduğu müəyyən edilib. Hücumçu prezidenti deyil, Tramp administrasiyasının rəsmilərini vurmağı planlaşdırdığını etiraf edib. Maraqlısı odur ki, tədbirin təşkil olunduğu “Vaşinqton Hilton” otelində 45 il əvvəl keçmiş prezident Ronald Reyqana da hücum edilib.
Mövzu ilə bağlı tanınmış jurnalist, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Sherg.az-a bildirib ki, ABŞ prezidentinin olduğu məkanları hədəf almaq adət halına çevrilib:
“Xatırlayırsınızsa 2024-cü ildə seçki kampaniyası zamanı qulağından yaralanmışdı. Artıq ABŞ təhlükəsizlik xidməti bunlardan dərs çıxarıb, daha möhkəm müdafiə sistemi qurmalı idi. Şam yeməyi ənənəvi olaraq Hilton “Hilton” oteldə keçirilir. Şəxsin əvvəlcədən oteldə qalması hadisənin spontan deyil, planlı xarakter daşıdığını deməyə əsas verir. Məhz buna görə mürəkkəb quruluşa malik otelin arxitekturasını əzbər bilib”.
Jurnalist insidentin hökumət tərəfindən törədildiyinə dair yayılan iddialara da münasibət bildirib:
“Əgər Tramp bunu özü təşkil etmiş olsaydı, məsələni ört-basdır eləmək üçün suiqəsdçini anında öldürərdilər. Demək ki, adət halına çevrilən hücumların arxasında rəsmi nümayəndələrdən hansınınsa əli var. Ona görə də, pərdəarxasında dayanan şəxsin kimliyini üzə çıxarmaq məqsədilə suiqəsdçini sağ saxladılar. Bir çoxları hücumun Trampın işinə yaradığını və onun siyasi nüfuzunu artırdığını düşünsə də, vəziyyət belə deyil”.
M. Əliyev vurğulayıb ki, bu dəfəki hücum hakimiyyətin təhlükəsizlik sistemindəki boşluqları üzə çıxardı:
“Yəni, əlində bir neçə silah olan şəxsin hüquq-mühafizə orqanlarını asanlıqla geridə qoyub, içəri keçməsi ABŞ-nin dünya ölkələrinə nümayiş etdirdiyi “güc” imicinə zərbə vurdu. Cəmiyyətdə belə bir fikir formalaşa bilər ki, prezidenti qoruya bilməyənlər vətəni necə müdafiə edə bilərlər?! Hətta Tramp özünü sındırmamaq üçün təhlükəsizlik orqanlarını təriflədi. O, bununla təhlükəsizlik sistemindəki boşluqları ört-basdır etməyə çalışır”.