Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası başa çatıb. İki saat 15 dəqiqə davam edən toplantının yekununda 8 bəndlik bəyanat qəbul edilib.
Sherg.az xəbər verir ki, bəyanatda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD-lə mübarizənin qətiyyətlə davam etdirildiyi, "Terrordan azad Türkiyə" və "Terrordan azad bölgə" hədəfləri istiqamətində görülən işlərin müzakirə olunduğu bildirilib.
İclasda həmçinin FETÖ ilə mübarizənin gedişi, NATO Sammitinin nəticələri, İran-ABŞ gərginliyi, Rusiya-Ukrayna müharibəsi, Suriya və İraqla əməkdaşlıq, eləcə də Qəzzadakı vəziyyət nəzərdən keçirilib.
Bəyanatda İran və ABŞ gücdən istifadə etməməyə və danışıqlara qayıtmağa çağırılıb. Rusiya və Ukraynaya gərginliyi azaltmaq və sülh üçün konkret addımlar atmaq tövsiyə olunub. İsrailin atəşkəsi pozması və Fələstin ərazilərindəki fəaliyyəti ilə bağlı isə beynəlxalq ictimaiyyət qəti mövqe nümayiş etdirməyə çağırılıb.