- Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə Birgə Müdafiə Sazişi”ni imzaladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işgüzar səfərlə Səudiyyə Ərəbistanına gəlib. Məkkədə keçirilən görüş zamanı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında uzun müddətdir hazırlanan “Məkkə Birgə Müdafiə Sazişi” imzalanıb. Sənəd üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyır.
Sherg.az xəbər verir ki, saziş Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə imzalanıb.

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, sənəd üç ölkənin ortaq təhlükəsizliyi daha da möhkəmləndirmək əzmini əks etdirir. Qeyd olunub ki, saziş regional və qlobal sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Razılaşmaya əsasən, üç ölkədən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün iştirakçı dövlətlərə qarşı hücum kimi qiymətləndiriləcək.

BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır
CNN Türk-ün Ankara təmsilçisi Dicle Canovanın sözlərinə görə, “Məkkə Birgə Müdafiə Sazişi” BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır.
Həmin maddə dövlətlərin silahlı hücum zamanı fərdi və ya kollektiv özünümüdafiə hüququnu təsbit edir. Bu çərçivədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan mümkün xarici təhdidlərə qarşı kollektiv müdafiə mexanizmi formalaşdıracaq.
Birgə təlimlər və müdafiə sənayesi layihələri
Saziş yalnız təhlükəsizlik məsələlərini əhatə etmir. Tərəflər arasında:
birgə hərbi təlimlərin keçirilməsi;
hərbi personal mübadiləsi;
ortaq hərbi təlim və manevrlərin təşkili;
müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, texnologiya transferi, ortaq istehsal modelləri, elmi-tədqiqat və təcrübə-konstruktor işləri (AR-GE), radar sistemləri və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Regional təhlükəsizlik arxitekturasının yeni mərhələsi
Ekspertlərin qiymətləndirməsinə görə, ABŞ-İran qarşıdurması və Körfəz regionunda artan gərginlik uzun müddətdir müzakirə olunan bu əməkdaşlıq mexanizminin reallaşmasını sürətləndirib.
Dicle Canovanın sözlərinə görə, sazişin uzunmüddətli məqsədi region ölkələrinin təhlükəsizlik məsələlərini öz aralarında həll edə biləcəyi yeni regional təhlükəsizlik platformasının formalaşdırılmasıdır. Bu yanaşmanın xarici müdaxilələrin təsirini azaltmağa və Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının qurulmasına töhfə verəcəyi gözlənilir.