Türkiyənin bu gün atacağı iddia edilən mühüm addım İsrail və Yunanıstanda narahatlıq yaradıb. Xarici KİV-lərin məlumatına görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Ciddədə üçtərəfli müdafiə sazişi imzalamağa hazırlaşır. İsrail mediası bunu "ölümcül ittifaq", Yunanıstan mətbuatı isə Yaxın Şərqdə qüvvələr nisbətini dəyişəcək yeni təhlükəsizlik oxu kimi qiymətləndirib.
Sherg.az xəbər verir ki, Fransanın AFP agentliyinin yaydığı məlumata əsasən, sazişin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə Ciddədə imzalanacağı gözlənilir.
Hökumət və hərbi dairələrə yaxın iki mənbə AFP-yə bildirib ki, üç ölkə arasında ortaq müdafiə sazişinin imzalanması ilə bağlı razılıq əldə olunub. Mənbələrin sözlərinə görə, uzun müddətdir gündəmdə olan proses son dövrlərdə regionda baş verən hadisələr fonunda sürətlənib.
Məlumata görə, saziş üzrə hazırlıq işləri ilin əvvəlindən davam edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl Ankara, Ər-Riyad və İslamabad arasında müdafiə sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyini açıqlamışdı. Təhlükəsizlik və diplomatik mənbələr də Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanın da daxil olduğu yeni müdafiə formatına qoşulmasını nəzərdən keçirdiyini bildirmişdi.
İsrail mediası: "Tel-Əviv üçün ölümcül ittifaq ola bilər"
Saziş hələ imzalanmamışdan əvvəl İsrail mediasında bunun mümkün nəticələri müzakirə olunmağa başlayıb.
Ynet nəşri yazır ki, razılaşmaya əsasən, üzv ölkələrdən birinə edilən hücum digərlərinə qarşı da hücum kimi qiymətləndirilə bilər. Nəşrin fikrincə, Pakistanın nüvə potensialı və Türkiyənin İsrailə münasibətdə regiondakı təsiri nəzərə alınarsa, bu əməkdaşlıq Tel-Əviv üçün "ölümcül ittifaq" xarakteri daşıya bilər.
İsrailin i24 telekanalı isə bildirib ki, NATO üzvü Türkiyənin hərbi-sənaye imkanları, Səudiyyə Ərəbistanının iqtisadi gücü və nüvə silahına malik Pakistanın hərbi potensialını birləşdirən bu saziş Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik oxu formalaşdırır. Telekanalın qiymətləndirməsinə görə, bu addım İsrailin regional hesablamalarına ciddi təsir göstərə bilər.
Yunanıstan mətbuatından da oxşar qiymətləndirmələr
Yunanıstanın "Pieria 24" nəşri yazır ki, Türkiyə iki tərəfdaşının dəstəyi ilə hərbi və siyasi mövqeyini daha da gücləndirəcək. Nəşr hesab edir ki, saziş üç ölkə arasında hərbi əməkdaşlığı dərinləşdirərək Yaxın Şərqdə qüvvələr balansının yenidən formalaşmasına səbəb ola bilər.
"Newsbreak.gr" isə "Yaxın Şərqdə yeni müdafiə oxu" başlıqlı məqaləsində qeyd edib ki, saziş Türkiyənin regional koordinasiyadakı rolunu artıracaq, müdafiə sənayesi məhsullarının ixracını genişləndirəcək və ortaq hərbi istehsal layihələrinin inkişafına təkan verəcək.
Yunanıstanın nüfuzlu "Kathimerini" qəzeti də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında uzun müddətdir müzakirə olunan müdafiə sazişinin bu gün yekunlaşdırılmasının gözlənildiyini, son regional hadisələrin isə prosesi sürətləndirdiyini yazıb.
Bir ilə yaxın davam edən danışıqlar
Pakistanın müdafiə sənayesi naziri Rza Həyat Harraç daha əvvəl açıqlamasında bildirmişdi ki, təxminən bir il davam edən danışıqlardan sonra üç ölkə ortaq müdafiə sazişinin layihəsini hazırlayıb.
Onun sözlərinə görə, bu sənəd Səudiyyə Ərəbistanı ilə Pakistan arasında 2025-ci ildə imzalanmış ikitərəfli müdafiə sazişindən ayrıdır və qüvvəyə minməsi üçün tərəflərin yekun təsdiqi tələb olunur.
Pakistanın Baş naziri Şahbaz Şərif və quru qoşunlarının komandanı, ordu generalı Asim Munir artıq Səudiyyə Ərəbistanına səfər ediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın da bu gün Ciddəyə yollanacağı gözlənilir. Təhlükəsizlik mənbələrinin məlumatına görə, sazişin məhz bu görüş çərçivəsində imzalanacağı ehtimal edilir.
Yeni üçtərəfli razılaşmanın müdafiə sənayesi, hərbi koordinasiya və strateji əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracağı gözlənilir.