Uitkoffdan Azərbaycan və Əliyevlə bağlı etiraf: İndiyədək bunu etməmişdik

“Azərbaycanla Ermənistan arasında uzun illər davam edən şiddətli münaqişəni həllolunmaz hesab edirdilər, amma bu, Prezident Donald Trampın vəzifəsinə qayıdışı ilə dəyişdi”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun “Washington Examiner”də dərc olunan məqaləsində bildirilib.

O xatırladıb ki, Trampın cəsarətli və uzaqgörən rəhbərliyi sayəsində iki ölkə arasında Sülh Bəyannamənin imzalanmasının bir ili tamam olub:

“Bu sənəd 35 ildən artıq davam edən qan tökülməsinə son qoydu. Bu, həqiqətən də misilsiz nailiyyətdir. ABŞ prezidentinin xüsusi nümayəndəsi kimi onun sülh gündəliyini irəli aparmaq şərəfinə nail olmuşam.

Prezident əvvəlki məhdud çərçivədən kənara çıxaraq Azərbaycan və Ermənistan arasında sülhə üstünlük verdi. Bizim prosesə cəlb olunmağımız 2025-ci ilin martında Bakıya səfərimizlə başladı. İlk təmasdan etibarən aydın oldu ki, ABŞ-nin Azərbaycan və Prezident İlham Əliyevlə münasibətlərinə lazımi diqqət yetirilməyib.

Trampın xarici siyasət doktrinası o baxımdan unikaldır ki, o, Amerikanın maraqlarını irəli aparmaq üçün, o cümlədən uzanan münaqişələrdə sülhə nail olmaq məqsədilə istənilən şəxsin gözünün içinə birbaşa baxmağa hazırdır. Bu hadisə də istisna olmadı.

Azərbaycan Prezidenti özünü sülhə nail olmaq üçün çətin, amma zəruri addımları atmağa hazır olan güclü və qətiyyətli lider kimi göstərdi. Əliyev bizdə həm ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini anlayan insan təəssüratı yaratdı. Bu səfər komandamızı irəliləyişin mümkün olduğuna inandırdı”.

Stiven Uitkoff Ermənistan Baş naziri Nikol Paşinyanın da “praqmatik və cəsarətli lider” olduğunu vurğulayıb: “Növbəti beş ay ərzində Bakıda və İrəvanda intensiv danışıqlar apardıq. Bundan sonra aydın oldu ki, münaqişəyə başqa prizmadan yanaşmaq lazımdır”.

ABŞ rəsmisi qeyd edib ki, Azərbaycanın Naxçıvan eksklavına maneəsiz çıxış əldə etməsi məsələsinə də yeni düşüncə tərzi və yaradıcı üsullarla həll yolu tapılıb:

“Görülən səmərəli işin nəticəsi TRIPP konsepsiyası oldu. Bu gün TRIPP konsepsiyası zahirən həllolunmaz mübahisələrin sonsuz danışıqlar yolu ilə deyil, yaradıcılıq, güc və qarşılıqlı maraq vasitəsilə həll edilməsinin modeli kimi dünya miqyasında tanınıb. Son bir il ərzində ABŞ bu sazişin həyata keçirilməsi istiqamətində Ermənistan və Azərbaycanla işləyib. Gözləntimiz budur ki, TRIPP Xəzər dənizi vasitəsilə davam etdiriləcək və bu konsepsiya Yaxın Şərqdə də inkişaf etdiriləcək”.

Uitkoff əlavə edib ki, bu gün artıq Cənubi Qafqaz daha təhlükəsiz və sabitdir: “Çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçiblər”.