Xameneinin ölümü elan olunsa, İranda böyük daxili çəkişmələr baş qaldıra bilər - ŞƏRH

İranda Ali dini lider Müctəba Xameneinin ölüb-ölməməsi ilə bağlı mübahisələr yenidən artıb. Sosial şəbəkələrdə və bəzi xarici mənbələrdə onun vəfat etdiyi, ölkənin isə İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Xameneinin sağ olduğu görüntüsü yaradılaraq idarə olunduğu iddiaları yayılır. 

Qeyd edək ki, İranın Mehr Xəbər Agentliyi Ali dini liderin yer aldığı bildirilən video yayıb. Videoda çəkilişin tarixi və məkanı göstərilmir, həmçinin görüntülərdə onun üzünün sağ tərəfi görünmür. İranlı bir mənbə TASS agentliyinə açıqlamasında həmin kadrların Xamaneyin ali lider olmamışdan əvvəl çəkildiyini bildirib və ictimaiyyətdə yayılan şayiələri səngitmək məqsədilə yenidən yayımlandığını iddia edib. Bununla yanaşı, britaniyalı siyasi analitik Nikolas Lisak X sosial şəbəkəsində paylaşdığı fikirdə Müctəba Xamaneinin hələ mart ayının ortalarında vəfat etdiyini iddia edib. Onun sözlərinə görə, son günlər yayılan görüntülər Xameneinin ölümünü gizlətmək və gələcək hakimiyyət dəyişikliyi üçün zəmin hazırlamaq məqsədi daşıyır.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a açıqlamasında yayılan görüntülərin İranın ali siyasi dini liderinin çox əvvələr çəkilmiş görüntüsü olduğunu bildirib. Onun sözlərinə görə, Xameneinin sağ olub-olmaması ilə bağlı şübhələr təkcə ictimaiyyətdə deyil, hakimiyyət daxilində də müzakirə olunur:

“İddialara əsasən, İran Prezidenti Məsud Pezeşkian bir neçə dəfə ali dini liderlə birbaşa görüşməyə cəhd etsə də, buna nail ola bilməyib. Əvəzində o, qara pərdə arxasında kimliyi məlum olmayan bir şəxslə yalnız səs vasitəsilə qısa təmas qurub və həmin şəxsin ali dini lider olduğu bildirilib. Hətta mediada yayılan xəbərlərə görə Pezeşkiyan görüşdən geri dönərkən həmin şəxsin kim olması haqda ətrafındakılara suallar da verib. Liderlik postunda təqdim olunan sözü gedən şəxsin ölmüş olması yaxud ağır yaralı olması mümkündür. İndiki prosesdə onun ölümünü elan etsələr ölkədə daxili xaos yarana bilər. Çünki bu post uğrunda mübarizə qaçılmazdır. Ola bilsin savaş bitənə qədər ölmüş də olsa Müctəba Xameneinin adından ölkəni SEPAH idarə edəcək. Düşünürlər ki, ara sakitləşib sabitlik yaranan kimi də mərhumun vəfatının elan edərlər. Necə ki, ata Xamaneinin də cəsədini uzun müddət saxladılar. Aylar sonra Xameneinin hansısa səbəbdən öldüyünü elan etmək rejim üçün o qədər də çətin deyil. Onsuz da hazırda əgər sağ olsa da belə onunla real təmasda olan demək olar ki, heç bir dövlət rəsmisi yoxdur”.

T. İrfanın hsab edir ki, Xameneinin ölümü hazırda elan olunsa, İranda böyük daxili çəkişmələr baş qaldıra bilər: “İranın hazırkı batini ideologiyaya əsaslanan idarə üsuluna görə ölmüş yaxud qeybdə olan adamın adı ilə idarəetmə mümkündür. Ölünün sağ kimi qələmə verilməsi ənənəsi İranda mövcuddur. Lakin bu proseslərdəki qeyri - şəffaflıq ifşa olunarsa daxili etirazlar arta bilər. Amma SEPAH düşünür ki, belə olduğu halda da ABŞ və İsrailin təhlükəsini əsas gətirib vəziyyətdən çıxa bilərlər. Əks halda xalqın ciddi etirazı baş verə bilər. Həyatda olmayan yaxud fəaliyyəti bəlli olmayan şəxsin adından fərmanlar, əmrlər vermək ciddi mənfi nəticələrə gətirib çıxara bilər. Hazırda onun üzə çıxmasını şərt kimi irəli sürənlərə də təhlükəsizlik məsələsini bəhanə gətirirlər. Lakin sağ olmuş olsa belə təcrid vəziyyətində olduğu üçün ölkəni onun idarə etdiyinə inanmaq sadəlövhlük olardı. Hələ ki, heç bir siyasi idarəetmə təcrübəsi olmayan, dini sistemin tələblərinə görə heç bir dini rütbəsi, ayətullah titulu olmayan gənc bir adamın xüsusən belə bir gərgin dövrdə, müharibə zəminində gizli şəkildə dövləti idarə etməsi absurddur. Şübhəsiz ki, idarəetmə tamamilə SEPAH-ın əlindədir. Onlara da Qumdan dini ideoloqlar proqram verir. Müctəhidlər şurasının gizli fətvaları ümuma yox, xüsusi istiqamətə, dövlət idarəçiliyinə aid olduğu üçün ictimaiyyətə açıqlanmır”.

Siyasi şərhçi qeyd edib ki, SEPAH-ın dini, ideoloji xəttən kənara çıxmaması üçün Qumdakı bu şuranın mesajları önəm kəsb edir:

“Əks halda vilayəti - fəqih sisteminə görə ali dini və elmi dərəcəsi olmayan şəxsin, mərcəiqlid mərtəbəsinə çatmamış, heç müctəhid səviyyəsində olmayan adamın özündən daha üstün və ali dərəcələrə sahib olan şəxslərin başına keçməsi şəxsi razılıqlar olsa belə sistemin yol vermədiyi işdir. Mümkündür ki, ali siyasi lider postuna tamamilə başqa, ali titullara sahib, tələblərə cavab verən şəxs seçilib. Lakin ictimaiyyəti və ABŞ və İsrailin kəşfiyyatını yanıltmaq üçün vəfat etmiş yaxud gizli saxlanan Xamaneinin guya bu posta sahib olduğunu deyirlər. Hazırki İran rejimi üçün istənilən variant məqbuldur. Ali şəxslərin hədəf alınmasından sonra idarəetməni şaxələndiriblər. Sanki kollegial idarəetmə sisteminə keçiblər. Hərçənd ki, burada əsas rolu Qum üləması, SEPAH və digər gizli dairələr alır. Sivil hakimiyyət, presedent isə özündən əvvəl qəbul edilmiş və ali siyasi dini liderin adından təsdiq olunmuş əmrləri icra etməyə məhkum edilib. Prezident və çevrəsi bu əmrlərin həqiqətən də siyasi dini ali lider tərəfindən verilməsi barədə tam əminliyə malik deyil”