Yəhudi icması və azərbaycanlılar İsraildə həlak olanların xatirəsini yad ediblər

Ötən gün yəhudi icmasının üzvləri və azərbaycanlılar Bakıdakı Dağ Yəhudiləri sinaqoquna gələrək İsraildə HƏMAS-ın hücumları nəticəsində 1300-dən çox dinc sakinin həlak olması ilə bağlı başsağlığı verib və öz dəstəklərini ifadə ediblər.

"Report" xəbər verir ki, çıxış edənlər bu cinayətləri şiddətlə pisləyiblər. Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev bildirib ki, bu çətin anlarda İsraillə həmrəydir, sülh və insanlıq naminə birgə öhdəliklərində qətiyyətlidirlər.

İsrailin Azərbaycandakı səfiri Corc Dik HƏMAS-ın İsraili məhv etmək məqsədini açıqlayaraq bildirib ki, bu, uzun və çətin yol ola bilər: "Ancaq bir şey dəqiq, danılmaz və qaçılmazdır: Biz qalib gələcəyik".

Faciəli şəkildə həyatını itirən 1300 israillinin xatirəsini yad etmək üçün dua mərasimi keçirilib. Şamlar yandırılıb, həlak olanlar və onların ailə üzvləri üçün dualar oxunub. Qeyd edilib ki, bu, yəhudi icmasının və Azərbaycan xalqının İsraillə yan-yana dayanaraq göstərdiyi həmrəyliyinin sübutudur.