Dövlət Turizm Agentliyinin sədri: "Şəkidə hadisə zamanı xəsarət alan bir nəfərin vəziyyəti ağırdır, ölən yoxdur "



"Bir qadın təcili tibbi yardım maşını, 3 nəfər isə helikopter vasitəsi ilə Bakıya göndəriləcək"

"Hadisə bu gün saat 12.00 radələrində baş verib və Dövlət Turizm Agentliyinin əməkdaşları hadisə barədə məlumat alan kimi Şəkiyə yollanıblar".
APA-nın məlumatına görə, bunu Şəki Xan sarayında Xan çinarın budağı qırılması və 19 nəfər xəsarət alması barədə jurnalistlərin suallarını cavablandıran Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev  bildirib.
F. Nağıyev hazırda digər müvafiq dövlət qurumlarının əməkdaşlarının da hadisə yerində olduğunu söyləyib: "Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan 12 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər Rusiya, 5 nəfər Suriya vətəndaşıdır. Hazırda xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir Fövqəladə Hallar Nazirliyinin helikopteri artıq Şəkidə aeroportdadır. Bakıdan təcrübəli mütəxəssislər Şəkiyə gəlib və məhz onlar xəsarət alanlardan neçə nəfərin Bakıya aparılmasına qərar verəcək".
Dövlət Turizm Agentliyinin sədri qeyd edib ki,  xəsarət alan bir qadın təcili tibbi yardım maşını ilə Bakıya göndəriləcək: "Digər 3 nəfər isə helikopter vasitəsi ilə Bakıya göndəriləcək".
F. Nağıyev hadisə nəticəsində ölüm halının olması barədə yayılmış məlumatın həqiqəti əks etdirmədiyini nəzərə çatdırıb: "Bir nəfərin vəziyyəti ağırdır. Məsələ ilk dəqiqdən Prezident İlham Əliyevin şəxsi nəzarətindədir".