Türkiyənin Sivas vilayətinin Divriği rayonunda 4 gündür itkin düşən 11 aylıq Büşra Balıkçının axtarışları davam edir. Körpənin çadırdan təxminən 2 kilometr məsafədə paltarları tapılıb.
Sherg.az xəbər verir ki, hadisə sentyabrın 10-da Divriği rayonunun Göndərən kəndində baş verib. Diyarbəkirdən heyvandarlıqla məşğul olmaq üçün müvəqqəti olaraq kəndə gələn ailənin gəlini Elif Balıkçı 11 aylıq qızı Büşranı çadırda tapa bilmədiyini bildirərək 112 Təcili Çağrı Mərkəzinə müraciət edib.
Bundan sonra əraziyə AFAD, komando və jandarm qüvvələri cəlb olunub. Süni intellekt dəstəkli pilotsuz uçuş aparatı və iz itlərindən istifadə edilməklə genişmiqyaslı axtarışlara başlanılıb.
Axtarış zamanı çadırdan təxminən 2 kilometr məsafədə Büşraya məxsus bəzi paltarlar aşkarlanıb. Paltarlarda cırılma, zədələnmə və qan izi müəyyən edilməyib.
Ana körpənin satıldığını iddia edib
İstintaqın dərinləşdirilməsindən sonra körpənin pul müqabilində satılması və ya qaçırılması ehtimalları araşdırılıb. Ana Elif Balıkçı, ata Yusuf Balıkçı və daha 7 nəfər saxlanılıb.
Elif Balıkçı jandarmaya verdiyi ikinci ifadəsində körpənin həyat yoldaşı tərəfindən pul müqabilində başqa şəxslərə verildiyini və uşağın itkin düşməsi barədə məlumatın əvvəlcədən qurulmuş ssenari olduğunu iddia edib.
Ata Yusuf Balıkçı isə bu ittihamları rədd edib və qızının itdiyi barədə əvvəlki ifadəsində israr edib.
Jandarma hadisənin aydınlaşdırılması üçün bölgədəki təhlükəsizlik kameralarını da araşdırır. Hadisə günü kənddə yemək proqramının keçirilməsi səbəbindən ərazidə avtomobil sıxlığının olduğu, buna görə də həmin ərazidən keçən nəqliyyat vasitələrinin müəyyənləşdirilməsinə çalışıldığı bildirilir.
Ana Elif Balıkçı ifadəsinin ardından yer göstərmə proseduru üçün jandarma tərəfindən kəndə aparılıb.
Digər 4 uşaq dövlət himayəsinə götürülüb
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ailənin digər 4 uşağının dövlət himayəsinə götürüldüyünü açıqlayıb.
Nazirlikdən bildirilib ki, uşaqların ehtiyaclarına uyğun sosial xidmət modelləri mütəxəssislər tərəfindən müəyyənləşdiriləcək.
İş üzrə yayım qadağası qoyulub
Sivas Valiliyinin açıqlamasına görə, Büşra Balıkçının itkin düşməsi ilə bağlı aparılan istintaq çərçivəsində Divriği Respublika Baş Prokurorluğu tərəfindən yayım qadağası qərarı qəbul edilib.
İstintaq davam edir və hazırda itkin körpənin harada olduğu müəyyənləşdirilməyib.