Təhlükəyə qaçan uşaqlar: Trasformatorların ətrafı niyə hasarlanmır?

 
Zaqatalada yüksək gərginlikli elektrik trasformatorunun üstünə çıxan uşağın yanıq xəsarətləri alması təhlükəsizlik tədbirlərinə ciddi riayət edilmədiyiini göstərir. İstər paytaxtda, istərsə də bölgələrdə oxşar hadisələr tez-tez baş verir.

Xatırladaq ki, bir müddət əvvəl paytaxtda yüksək gərginlikli elektrik trasfarmatorları olan yerə daxil olmuş iki gənc ağır xəsarətlər almışdı. Oğlanın qolu kəsilmişdi. Trasformatorların ətrafı niyə hasarlanmır, necə olur ki, kənardan onların qapısını açıb içəri keçə bilirlər, üstünə çıxırlar? Bu qutular kənar müdaxilədən niyə mühafizə edilmir?

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq.az”a açıqlamasında bildirdi ki, bu məsələdə məsuliyyət ilk növbədə ərazi üzrə işıq idarələrinin vəzifəli şəxslərinin üzərinə düşür:

- Yüksək gərginlikli elektrik transformatorları kənar müdaxilədən ciddi mühafizə olunmalıdır. Trasformatorların ətrafında mühafizə zolağı olmalıdır. Ətrafa hasar çəkilməlidir, qoruyucu məftillərlə əhatələnməlidir. Trasformatorun qapısı daim kilidli olmalıdır. Onlara mütəmadi nəzarət olunmalıdır. Monitorinq aparılmalıdır ki, hansı nə vəziyyətdədir, qapısı açıq qalmayıb ki, kilidi xarab olmayıb ki. Necə olur ki, kənar vətəndaş elektrik trasformatorunun qapısını açır, içəri daxil olur?! Deməli, nəzarət zəifdir, trasformatorun əhalidən təcrid olunması yaxşı təşkil edilməyib. Vətəndaşların elektrik trasformatorlarına toxunması, uşaqların yaxınlıqda oynamasına qətiyyən yol vermək olmaz. Orada elə ciddi mühafizə sistemi yaradılmalıdır ki, vətəndaşlar hər hansı halda xəsarət ala bilməsinlər. İndi bu uşaqdır, başa düşmür, çıxıb trasformatorun üstünə oynamaq istəyib. Amma bəzən görürük gənclər, yetişkin insanlar belə kobud səhvlərə yol verir. Elektrik trasformatoru ilə “zarafat”ın nun hansı ağır nəticələrə gətirib çıxaracağını düşünmürlər. Ərazidə mütləq məsul şəxs olmalıdır və o, transformatorlara mütəmadi nəzarət etməlidir. Ümumiyyətlə, şəhər təsərrüfatında elektrik dirəkləri, elektrik naqilləri, qaz xətləri, su boruları, kanalizasiya xətləri... bunlar hamısı ağla gələn və gəlməyən təhlükələrdən sığortalanmalıdır. Bu sığorta həm də əhalinin, vətəndaşın sığortalanması, mümkün təhlükələrdən qorunması deməkdir. 

Məlahət Rzayeva