"İstəmiyərək xəsarət yetirildikdə başqa maddələr irəli sürülür" - Hüquqşünas


Zaqatalada 28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazını kəsərək xəsarət yetirib. Hadisə axşam saatlarında Zaqatala şəhərinin ərazisində qeydə alınıb.

Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü H.Həmzəyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Q.B.-nın boğaz nahiyəsinə şüşə parçası ilə iki yerdən xəsarət yetirib. Q.B. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.

Hadisə hansı səbəbdən baş verib? Şəxsin əməli necə qiymətləndirilir?

Mövzuyla bağlı Sherg.az-a danışan  BDU-nun Hüquq fakültəsinin dekan müavini, dosent Aytəkin İbrahimova suallarımızı cavablandırıb:
 
“Həmin şəxsin hadisəni hansı niyyətlə etdiyini bilmirik. İstintaq zamanı şəxs dindirilir və hadisənin hansı səbəbdən törədildiyi məlum olur. Və bu, əməllə tutuşdurulur ki, hadisə istəyərək törədilib, ya yox.  Ola bilər ki, istəmiyərək xəsarət yetirmiş olsun.  Bu zaman başqa maddələr irəli sürülür. Bunlardan biri də “ehtiyatsızlıqdan sağlamlığa zərər vermə”dir.
Müstəntiq istintaqı aparır. İş prokurorluğa daxil olur. Daha sonra prokurorluqdan dövlət iddiamçısı iddia qaldırır və iş məkhəməyə göndərilir. Məsələyə baxılır və hakim qərar çıxarır. Əməl, niyyət bütün məhkəmə prosesində iddiaçı tərəfin ortaya qoyduğu sübutlar, qarşı tərəfin özünü müdafiə sistemi və hakimin çıxardığı yekun qərara əsasən müəyyənləşir”.