Rusiyada partlayış: 38 nəfər yoxa çıxıb - VİDEO - YENİLƏNİB

Rusiyanın Yaroslavl şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayışdan sonra 38 nəfərin taleyi barədə məlumat yoxdur.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional Qərargahının rəhbəri Oleq Boçarov bildirilib.

FHN rəsmisinin sözlərinə görə, xilasedicilərə verilən siyahıda binaya daxil olan 115 nəfərin adları qeyd edilib: “Siyahıda olanlardan 77 nəfərin sağ olması müəyyənləşib, onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 2-si ölüb. Lakin 38 nəfərin taleyi məlum deyil”.

Boçarov bir uşağın və ananın dağıntılar altında axtarılması barədə məlumatı təsdiqləyib.

O əlavə edib ki, binada olan 160 nəfər təxliyə edilib.

Hadisə ilə bağlı İstintaq Komitəsi və Prokurorluq araşdırmaya başlayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında partlayış baş verib.

Qaz sızması nəticəsində baş verən partlayış zamanı 2 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

***

21 avqust, saat 22:31

Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda yaralıların sayı 4 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.

Qeyd edilib ki, partlayışdan sonra yanğın baş verib. 60 nəfərdən çox sakin binadan təxliyə edilib.

***

21 avqust, saat 21:40

Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında partlayış baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.

İlkin məlumata görə, Batova küçəsindəki 5 nömrəli binada qaz sızması nəticəsində baş verən partlayış zamanı bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Binanın 3-5-ci mərtəbələrinin ön hissəsi çöküb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirir.