Türkiyənin Afyonkarahisar şəhərində motosiklet qəzası keçirən 15 yaşlı Məhəmməd Əli Şimşekin qopmaq üzrə olan sağ qolu Konyada aparılan təxminən 8 saatlıq əməliyyatla xilas edilib.
Sherg.az xəbər verir ki, təxminən 1,5 ay əvvəl baş verən qəza nəticəsində uşağın sağ qolunun amputasiya edilməsinin lazım olduğu bildirilib. Ailəsi araşdırma apardıqdan sonra Konyadakı Farabi Xəstəxanasına müraciət edib və Şimşek təcili olaraq bu xəstəxanaya göndərilib.
Həkimlər müəyyən ediblər ki, uşağın çiyin səviyyəsində qolu demək olar ki, tam qopub, dirsək və əl nahiyəsində çoxsaylı xəsarətlər, eyni tərəfdəki dizində isə açıq yara var.
Ürək-damar cərrahiyyəsi, ortopediya və plastik rekonstruktiv cərrahiyyə mütəxəssislərindən ibarət komanda tərəfindən aparılan təxminən 8 saatlıq əməliyyat uğurla başa çatıb. Əsas damarlar, sinirlər, yumşaq toxumalar və sümüklər eyni vaxtda bərpa edilib.
Həkimlərin sözlərinə görə, vaxt itirilmədən müdaxilə və müxtəlif ixtisaslardan olan mütəxəssislərin birgə fəaliyyəti sayəsində uşağın qolunda heç bir funksional itki yaranmayıb.
Məhəmməd Əlinin atası Mahir Şimşek oğlunun qolunun amputasiya edilə biləcəyini öyrəndikdən sonra Konyaya gəldiklərini və əməliyyatın uğurlu nəticələnməsindən böyük sevinc hissi keçirdiklərini bildirib.