Təhlükə! “Kranlar elə qurulmalıdır ki, aşma riski olmasın”

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib. Hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb. Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Nəticədə qurğuda olan fəhlələrdən biri ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ölkəmizdəiş yerlərində, istehsalatda baş verən qəzalarda yüzlərlə insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur. Bu isə işçilərin təhlükəsizliyinin kifayət qədər qorunmadığının göstəricisidir. 



Baş verənləri “Sherg.az”a dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, kranlar, eləcə də tikinti sahəsində istifadə olunan yükqaldırıcı qurğu və mexanizmlər elə qurulmalıdır ki, istənilən hava şəraitində aşma təhlükəsi olmasın:

“Birinci növbədə kranın yerləşdiyi yerin möhkəm olması və yükqaldırma əməliyyatı zamanı ətrafında yüksək gərginlikli elektrik xətlərinin olmaması lazımdır. Həmçinin kranın ətrafdakı insanlar üçün təhlükə riski yaratmaması və ətrafında mühafizə zonasının yaradılması vacibdir. Kranlar istehsalçı şirkət tərəfindən onlara təyin edilmiş yükgötürmə çəkisini aşmamalıdır. Həmçinin təyin olunmuş texniki qulluq və vaxtında sertifikasiyadan keçməni həyata keçirməli, əlverişsiz hava şəraitində işləri təhlükəsizlik normalarına uyğun təşkil etməli, avadanlıqları və aksesuarları 6 aydan bir yoxlamadan keçirməlidir. Hər gün istifadə edilməzdən qabaq kranların işlək və saz vəziyyətdə olmasını yoxlamaq, kanatın zədəsiz, əzilməmiş, hörüklərində kəsik və qırılmış tellərinin sayı 10 faizdən çox olmamalıdır. Sürtünmə və korroziya nəticəsində kanatın diametrində 5-7 faiz azalma olubsa, işləməsi yolverilməzdir. Kranları yalnız kranla işləməyə icazəsi olan şəxslər idarə edə bilər. Həmin şəxslər mütəmadi olaraq hər il sertifikasiydan keçirlər. Yəni kranlarla işləmək, yüklərin qaldırılması və endirilməsi zamanı təhlükə risklərini nəzərə alaraq, bütün təhlükəsizlik tədbirləri görülməlidir ki, bədbəxt hadisələr baş verməsin”.

E.Nurəliyev qeyd edib ki, kranın trosu qırılıb, aşıb, yükü dağılıb və s. bu kimi hadisələr olubsa, onun axırıncı dəfə nə zaman yoxlamadan keçib və hansı rəyi almasına baxmaq lazımdır:

“Nasazlıq var idisə, necə yoxlamadan keçib, yoxdursa və hər şey qaydasındadırsa, demək ki, kranın istismarı zamanı təhlükəsizlik qaydalarına riayət edilməyib. Texniki qulluq vaxtında və düzgün göstərilməyib ki, qəza baş verib. Təbii ki, hadisə baş veribsə, aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən araşdırılma aparılacaq və məsələyə hüquqi qiymət veriləcək”.