Xalq artisti "üsyana" qalxdı: “Bu nə dəhşətdir görürük?!"

Xalq artisti Flora Kərimova qadın qətllərinə etiraz edib.
“Sherg.az” xəbər verir ki, o, 6 aylıq qız övladını boğaraq öldürən atanın xəbərini paylaşaraq bunları yazıb:
“Bu nə dəhşətdir görürük? Belə hadisələr  millətin üz qarası, faciəsidir! Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, “ailə münaqişəsidir”. Sonra başı kəsilir. Altı aylıq körpə boğulur. Yaradandan qorxmadın, deyək, inancın yoxdur. Qız uşağını sevmirdin, insaniyyətini harada itirdin?!
Dində də, elmdə də təsdiqini tapıb ki, övladın cinsiyyəti  atadan gəlir. Fərz edək ki, bunu bilməyəcək qədər savadsızlar hələ də var. Din xadimləri, insanlarımıza bunları aşılayın. Deyin ki, peyğəmbərimizin tək övladı qız idi. Dinimizin qız övladını necə sevib qoruduğunu öyrədin. Sizi özünə imam bilənlər, kitab oxumağa həvəsi və ya fürsəti olmayanlar sözünüzü eşidir. Təbliğ edin ki, dinimiz qız övladına  dəyər verir. Bunları təkrar-təkrar söyləmək iman borcunuzdur, vəzifənizdir.  Heç kimi qınamıram. Evin kişisi ac, təhsilsiz ola bilər. Bir gün qazanar, bir gün yox. Amma kişilik sütununu, insaniyyətini, vicdanını itirmək nədir? Vicdansız insan hər şeyə qadir olarmış. Söz tapa bilmirəm”.