Kran aşdı, sürücü öldü

Bütün məsuliyyət işə götürənin üzərinə düşür

Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Ülfət Şəmiyev Binəqədi şossesində yerləşən “VS Enerji Servis” MMC-nin sifarişi əsasında "99-MU-989" dövlət qeydiyyat nişanlı avtokranı idarə edib. Ətalətini itirən avtokranın qoşqunun üzərinə düşməsi nəticəsində Ü.Şəmiyev iki nəqliyyat vasitəsi arasında sıxılı vəziyyətdə qalaraq ölüb.

Hazırda fakt üzrə Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Təəssüf ki, belə hallar tez-tez təkrarlanır. Nəticədə bir tikə çörək dalınca işə gedən işçi də, ailəsi də çətin vəziyyətə düşür. O da məlumdur ki, kimsə bədbəxt hadisədən sığortalanmayıb. Elə isə nə etmək lazımdır?



 Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov “Şərq”in bu sualını belə cavablandırdı:

“İstehsalatda əməyin mühafizəsini təmin etmək işəgötürənin öhdəsinə düşür. O, buna görə məsuliyyət daşıyır. İstehsalatda oxşar hallara səbəb texniki təhlükəsizlik qaydalarına əməl edilməməsidir.

Əgər işçisinin əmək müqaviləsi varsa və o, istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən sığortalanıbsa, bu zaman sığorta şirkəti müalicə xərclərini ödəməlidir.

Peşə-əmək qabiliyyətinin itirildiyi və işçiyə əlillik dərəcəsinin verildiyi halda isə ona 65 yaşına, yəni əmək təqaüdü yaşına çatanadək müavinət ödənməlidir”.