Polisə zor tətbiq edənlər saxlanıldılar: külli miqdrada narkotik vasitə  və...

30 mart 2021-ci il tarixdə Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb. 
Yasamal rayon prokurorluğundan “Sherg.az”a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, şəhər sakini Vüsal Səmədov tanışları Abit İsmayılov və Əmrah Əhmədov ilə idarə etdikləri avtomobillə Yasamal rayonu ərazisində hərəkətdə olarkən RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən avtomobildə narkotik vasitələrin olması barədə əldə edilmiş əməliyyat məlumatı əsasında onlardan avtomobili saxlamaları tələb edilib. 
Lakin sonuncular idarə etdikləri avtomobili polis əməkdaşlarının olduğu avtomobillərə çırparaq oradan qaçmağa cəhd göstəriblər. Həmçinin öz xidməti vəzifəsini icra edən polis əməkdaşının üzərinə avtomobili sürərək ona qarşı müqavimət göstəriblər. 
Avtomobilə baxış keçirilərkən oradan külli miqdrada müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülüb. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər  Məhkəməsinə göndərilib.