Qadın samuray qılıncı ilə öldürüldü

Qatilin etirafları insanları dəhşətə gətirdi

Evdən çıxarkən birisini öldürməyi planlamışdım. Və bu şəxs qadın olmalıydı

İstanbulda gənc qadın samuray qılıncı ilə qətlə yetirilib. Qətlə yetirilən 28 yaşlı Başak Cengiz memar idi.  “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, hadisə srağagün axşam saatlarında İstanbulun Ataşəhər Barbaros Məhəlləsindəki Qərənfil küçəsində, yaşayış binasının önündə baş verib. Küçə ilə gedən Başak Cengiz tanımadığı bir adamın hücumuna məruz qalıb. Əlində samuray qılıncı tutmuş birisi gənc qadına hücum çəkərək qılıncla bir neçə yerdən yaralayıb. Ağır yaralanan gənc qadın qanlar içində yerə yıxılıb. Qadının harayına gələnlər təcili yardım çağırıb. 

Başak Cengiz xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Qadını xəncərlə yaralayan Can Göktuğ Boz isə şübhəli şəxs qismində polis tərəfindən yaxalanıb. Başak Cengizin cənazəsi doğulduğu Ankaraya gətirirlib və orada torpağa tapşırılıb. Cənazədə gənc qadının nişanlısı Mahir Mızrak göz yaşları içində “edam qüvvəyə minsin! Edam hökmü verilsin! Qatilin ən ağır şəkildə cəzalanmasını istəyirik” çığıraraq “bu adamın psixoloji problemləri olduğu qətidir. Qarşısına kim çıxdısa öldürəcəkmiş. Qarşısına Başak çıxıb. Hər gün servislə işə gedən nişanlım o gün avtobusa minməyib. 

Bu adam da qarşısına çıxıb. 2 ildir münasibətlərimiz vardı, 6 aydır da nişanlıydıq. İstanbula təyinat almasaydı, daha erkən evlənəcəkdik. Bazar günü işlərini başa vuracaqdı, mən də onunla birlikdə Ankaraya qayıdacaqdım. Amma cənazə maşını ilə gətirdim”, deyib. Cənazədə Başakın atası və anası da faciədən sarsılmış halları ilə hər kəsi təsirləndiriblər. Başakın anası Reyhan Cengiz qızının tabutuna sarılaraq “balamı bizdən qopardılar, balamı doğradılar... Evə qayıdacaqdı, gəlin olacaqdı, övladım. Quzum...” deyərək fəryad edib. Ananın halı pisləşdiyindən təcili yardımla xəstəxanaya aparılıb. Başak Cengiz üçün qılınan cənazə namazından sonra gənc memar torpağa tapşırılıb. 

Qeyd edək ki, Başak Cengizin qətlində şübhəli qismində yaxalanan Can Göktuğ Boz istintaqa verdiyi ifadədə birisini öldürmək fikrinə düşdüyünü və bunun məhz qadın olmasını istədiyini etiraf edib: 

“Evdən çıxarkən birisini öldürməyi planlamışdım. Və bu şəxs qadın olmalıydı. Binanın önündə bir müddət gəzişdim. Bu zaman bir xanımın gəldiyini gördüm. Onun arxasınca düşdüm və yaxınlaşıb qılıncla bir neçə dəfə yaraladım”. Şübhəli şəxs 2 ali məktəb məzunudur. Axtarış zamanı evində daha 15 qılınc və bıçaq aşkarlanıb. Başak Cengizin qətlə yetirildiyi samuray qılıncı isə 75 santimetr uzunluğundadır. 

Şübhəli şəxs Can Göktuğ Boz  “əvvəlcədən planlaşdıraraq vəhşicəsinə, əziyyət verərək qətl etmək” maddəsi ilə ittiham olunur.