Yaşadıqları qan dondurur

Dünya onun üçün ayağa qalxdı

16 yaşlı Məryəm Türkiyədə müalicə olunacaq

İraqlı qız – 16 yaşlı Məryəm əl-Rikabi müalicə olunmaq üçün Türkiyəyə gəlmək istəyir. İraqda Gözəl Sənətlər İnstitutunda təhsil alan Məryəm bir müddət əvvəl üzü maskalı şəxsin təcavüzünə məruz qalıb. Təcavüz edənin Məryəmə evlilik təklifi etmiş, lakin qız və ailəsi tərəfindən elçiliyi rədd edilən 19 yaşlı gənc olduğu müəyyənləşib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, təcavüzkar 7 ay sonra yaxalanıb. Məlum olub ki, həmin şəxs Məryəm yaşayan evə gizlicə daxil olaraq qızın üzünə sulfat turşusu (kislota) töküb. Qızın üzü yanıb. Oğlan evə daxil olduğu vaxt Məryəm yatırmış. 

Qız hadisəni bu şəkildə danışıb: “Yuxudaydım. Vücudumun alışıb yandığını hiss etdim.  Ayağa qalxdım, salona keçəndə bir nəfərin evimizdən çıxdığını gördüm. Onu görəndə qışqıraraq küçəyə qaçdım”.  Məryəmin atası və anası həmin gün işdə imiş, Məryəm evdə qardaşı və gəlinləri ilə birlikdəymiş.  Məryəmin anası “təcavüzkar maskalı halda təhlükəsizlik kameralarının önündən keçib, amma kimsə onu dayandırmayıb. 

Bu adam evimizə telefon açır, bizi narahat edirdi. Biz də qızımızla evlənmək təklifini rədd etdik. Qızıma da mesajlar atırdı, Məryəm isə ona “biz dostuq, səninlə evlənə bilmərəm” cavabını verirdi”, deyib.        
       
Məryəmin görüntülərini izləyən sosial şəbəkə istifadəçiləri “Məryəmi xilas edək” dəstək mesajları yazaraq gənc qızın müalicə alması üçün yardım kampaniyası başladıblar.  Məryəmin ailəsi müalicə üçün Türkiyəni seçib. Ailənin yeganə istəyi qısa zamanda Türkiyəyə səfər etməkdir. Məryəmin adına artıq 91 min 254 dollar ianə toplanıb. Kampaniya davam edir və hədəf 200 min dollar toplanmasıdır.