8 aylıq qızını balışla boğmağa cəhd etdi


Keçmiş ərin səbri daşdı, uşağının anasını polisə verdi

   Türkiyənin Diyarbəkir bölgəsində 8 aylıq qızı Eylülün üzünə balış basaraq boğmağa çalışan “ana” E.K (ad şərtidir) hakim qarşısına çıxarılıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, körpənin atası Mehmet Kaya E.K ilə boşanıblar. Körpə isə ananın nəzarətində qalıb. 

Lakin qadın hər dəfə körpəyə necə işgəncə verdiyini videoya çəkərək M.Kayaya göndərirmiş. M.Kaya İHA-ya açıqlamasında 3 il evli qaldığı qadının psixoloji problemlərinin olduğunu deyib: “3 il evli olduq. 3 il ərzində həyat yoldaşımın psixoloji problemləri olduğuna şahidlik etdim. 

Bir dəfə intihara cəhd etdi. Daim ona diqqət göstərdim, tək buraxmamağa çalışdım.  Ümid etdim ki, vəziyyəti düzələr. Sonra körpəmiz dünyaya gəldi. Ümidlərim daha da artdı ki, körpəmiz anasına mənəvi dəstək olacaq. Amma əksi oldu. 

Qadının psixoloji problemləri daha da artmağa başladı. Əsəbi davranırdı, uşağa zərər verirdi, təpikləyirdi, özündən kənarlaşdırırdı. Körpəni əmizdirmirdi. 

Körpə 3 aylıq oldu, qadının təhdidləri bitmədi. Hər dəfə işə gedəndə telefonuma təhdid mesajları atırdı “gör uşağının başına nələr gətirəcəm”, “mən bu uşağı inşaat odasında yatırmazsam, mənə də “mən” deməsinlər”, “uşaq əlimdə, can çəkişir. 

Nəfəsi kəsilənədək gör, ona nələr edəcəm”, kimi mesajlar yazırdı. İşə normal gedib-gələ bilmirdim, fikrim körpənin yanında qalırdı”.

 M.Kaya uzun müddət polisə şikayət etməməsinin səbəbini ailələrin bir-birini tanıması ilə əlaqələndirib:

 “Ailəm mənə “ayıbdır, bir-birimizi tanıyırıq, səbirli ol, düzələr”, deyirdi. Mən o qadını dəfələrlə həkimə aparmışam, müalicə alması üçün əlimdən gələni etmişəm. Amma şikayət etməyə çəkinirdim. Körpənin üzünə balış sıxaraq boğmağa çalışdığı son video isə səbrimi daşırdı. Videonu ailə tanışımıza göndərdim, məqsədim həmin şəxsin polisə şikayət etməsi idi. O da mənə “bir daha mənə belə videolar göndərsən, səni polisə verəcəm”, yazdı. Sonunda özüm polisə müraciət etdim”. Qəribə burasıdır ki, körpənin üzdəniraq anası 2 dəfə hakim qarşısına çıxarılıb, hər dəfə də sərbəst buraxılıb. M.Kaya qadının psixoloji problemlərinin olmasını önə çəkərək məhkəmənin qərarına yenidən baxılmasını tələb edib. Məhkəmə körpənin atanın nəzarətinə verilməsini təsdiqləyib. Hazırda qızının təhlükəsiz yerdə olduğunu deyən M.Kaya “çox şükür, qızın yanımızdadır, rahatdır. Səhhətində bir problem yoxdur”, söyləyib.