“Tərtər işi”nin baş verdiyi korpusun komandiri, qərargah rəisi  cavab verməlidir”

Sentabrın -2-də “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia olunan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.  Bu gün isə Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yayıb. 

Nəticədə  B.Orucovun ittiham olunduğu maddələr məlum olub. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Kəşfiyyatçı Elmar Allahverdiyev məsələ ilə bağlı “Sherg.az” a danışıb: 

“Bu cinayət hansı ordu korpusunda baş veribsə, həmin korpusun komandiri, qərargah rəisləri  cavab verməlidir. O cümlədən burda cinayətin reallaşmasında iştirak edən, onu təşkil edəndən, işgəncə edənə kimi hər kəs cəzalandırılmalıdır. Bu mənim şəxsi fikrimdir.

 Cinayətkarın cəzasız qalması ordunun məhvi deməkdir. Yekun qərar bizə hazırda görülən tədbirlərin sərt və ya mülayim olduğunu göstərəcək. 

Amma artıq həbs edilən polkovniklər arasında kimlərin əmrini icra etdiklərini və onların niyə həbs edilmədiyini sorğulayanlar var. Bu artıq böyük uğurdur” .