Ermənistan sülhə atəş açdı

Böyük ehtimalla əmr yenə də Rusiyadan gəlib

“Moskva son günlər cərəyan edən proseslərdən, Vaşinqton danışıqlarından narazılığını gizlətmir, etirazını açıq bildirir”


  Mayın 10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Orxan Novruzəlizadə şəhid olub. Digər hərbçimiz - Müslüm Mahmudlu isə başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. 

Mayın 11-i səhər saatlarında Ermənistan tərəfi Azərbaycanla sərhədə əlavə texnika və canlı qüvvə cəlb edərək Ordumuzun mövqelərini minaatanlardan atəşə tutub, təxribatların miqyasını genişləndirməyə cəhd edib. Azərbaycan XİN-in məlumatına görə, baş verən təxribatlar Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Qeyd olunub ki, Ermənistanın təxribatları hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verir. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva yeni gərginlik fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir. O, Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla təmaslarının hazırda planlaşdırılmadığını söyləyib. Kremlin sözçüsü 9 May Qələbə günü Ermənistanın Baş nazirinin səfəri zamanı Moskvada Putinlə Paşinyan arasında ayrıca söhbət olduğunu da xatırladıb.

  Azad Vətən Partiyasının sədri Akif Nağı "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasında maraqlı olmayan tərəflər - Rusiya, İran və İrəvandır. Partiya rəhbərinin sözlərinə görə, təxribatlar bu üç tərəfin hər birinin təşəbbüsü ilə baş verə bilər: 

"Böyük ehtimalla indiki təxribatın arxasında Rusiya dayanır. Moskva son günlər cərəyan edən proseslərdən, Vaşinqton danışıqlarından narazılığını gizlətmir, etirazını açıq bildirir. Nəticəsinin nə olmasından asılı olmayaraq, Vaşinqton təmaslarının günlərlə davam etməsi, ardınca Brüsseldə görüşün planlaşdırılması Rusiyanı hiddətləndirirdi. Kremlin proseslərə müdaxilə etməsinin yeganə yolu sərhəddə, yaxud Qarabağda təxribatlar törətmək, qarşıdurma yaratmaqdır. Paşinyanın mayın 9-da Rusiyaya səfər etməsi, Kremlin Qafqaz üzrə xüsusi nümayəndəsinin İrəvana gələrək görüşlər keçirməsi, ardınca Paşinyanın güc nazirləri ilə xüsusi iclası heç də təsadüfi deyil. Görünür, erməni Baş nazir Moskvadan xüsusi tapşırıq alıb və onu icra edib. Paşinyan təxribatdan sonra həyasızcasına Azərbaycanı ittiham edir, bizi suçlayır". 

  A.Nağı vurğulayıb ki, Azərbaycan qalib ölkədir və tezliklə sülhün imzalanmasında maraqlıdır: 

"Yəni prosesi pozan tərəf biz deyilik. Ancaq Ermənistan məğlub tərəf olduğuna görə uduzmuş halda müqavilənin bağlanmasını istəmir. Rusiya da bəlli səbəblərdən prosesin nizamlanmasını arzulamır. Azərbaycan çevik hərəkət edir. Ancaq gec-tez güc faktorundan istifadə etmək məcburiyyətində qalacağıq. Görünən odur ki, "addım-addım irəliləyişlə" hədəfə nail olmaq çox çətindir. Ermənistan bir addım irəli atırsa, arxasınca iki addım geri atır. Düşmənə növbəti ağır zərbə vurulmalıdır ki, təxribatlara son qoysun və sülhə razılıq versin".