Dünən Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ -də 6 nəfərin hücümuna məruz qalıb. Onlar ABŞ vaxtı ilə səhər saatlarında vəhşicəsinə döyülüb.
Hadisəni "Sherg.az"a dəyərləndirən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli söyləyib ki, məntiqi cəhətdən çıxış etsək, sui-qəsd hadisəsinin arxasında kimlərin dayandığını görə bilərik:
"Çünki Əhməd Obalı uzun illərdir, cənubdakı soydaşlarımızın səsini dünyaya çatdırır. Onun təsis etdiyi kanal Avropada, ABŞ və dünyanın müxtəlif ölkələrində peyk vasitəsilə izlənilir. Burada yayımlanan İranın tənqidi, yəni insanların dara çəkilməsi və onların hüquqlarının pozulması ilə bağlı gedən xəbərlər rejimin xoşuna gəlmir. Ona görə də əli başqa vasitəyə çatmayan rejim terrakta üz tutur"
Professor qeyd edib ki, hadisənin terror və sui-qəsd hadisəsi olduğunu düşünür:
"Çünki burada əsas məqsəd Əhməd Obalı və onun oğlunu qətlə yetirmək olub. Həmçinin məlumatlar var ki, hücum edənlər altı nəfər olub və həbs ediliblər. Yəqin məsələni çox ciddi şəkildə araşdıracaqlar. Çünki ABŞ İran rejimi kimi terrora üstünlük verən bir dövlətin, əlinin bu qədər uzanmasının qarşısını almalıdır".