Bağçasına meteor düşdü: Milyonluq təkliflər gəlir


  Almaniyada yaşayan türk ailə bu günlərdə ölkənin gündəmindədir. Bu barədə Sherg.az “NTV.com.tr”-yə istinadən  məlumat yayıb. 

Bildirilir ki, Almaniyanın Elmshorn şəhərində ailəsiylə birgə yaşayan Mahmut Şahinin yaşadığı evin bağçasına 3,7 kiloqram ağırlığında göy daşı – meteor düşüb. Nahardan sonra bağçaya çıxan ailə üzvləri həyətdə qəribə daşlar gördükdə heyrətləniblər. Daşların qeyri-adi ola biləcəyini təxmin edən Mahmut Şahin fövqəladə hallarda xilasetmə xidmətinə zəng edib: “Daşların böyüyü həndbol topu boyda idi. Qızlarım daşların maqnitçəkici xüsusiyyətini öyrənməyə başladılar. Maqnitlə onları yoxladıqda hamısının maqnitçəkici olduğunu gördük. Çağırışa gələn xilasedicilər də daşların meteor olduğunu təsdiqlədi. Normal qaya parçaları, daşlarda bu xüsusiyyət olmur”.

 M.Şahin deyib ki, dünyanın müxtəlif bölgələrində yaşayan meteor kolleksiyaçıları onlara zəng edərək daşları almaq istədiklərini bildirirlər. Ən böyük daş parçası üçün 200 min avro ödəməyə hazır olanlar var. M.Şahin “İstəyirik bu daşları daha çox insan görsün. Ona görə də daşları bir müddət nümayiş edilmək üçün muzeyə təqdim edəcəyik. Satıb-satmayacağımıza sonra qərar verərik”, söyləyib.