610 kiloluq adam 68 kiloqram oldu

Evdən kranla çıxdı, addımlayaraq qayıtdı

  Qaldırıcı kranla çıxarıldığı evə addımlayaraq gələn Xalid, buna öz səyləri nəticəsində nail olub. Səudiyyə Ərəbistanında yaşayan 22 yaşlı Xalid bin Muhsin Şaari 610 kiloqram olub. Ağırlıqdan yerindən qalxa bilməyən, yatağa bağlı qalan gənc, nəhayət bu zillətə son vermək qərarına gəlib. O, buna necə nail olub? “Milliyet.com.tr”nin xəbərinə görə, Xalid həyatını dəyişdirəcək qərar verərək müalicə olunmağı seçib. O, qaldırıcı kranla evdən çıxarılaraq xəstəxanaya aparılıb. Və burada müalicəsinə başlanılıb. Aparılan araşdırmalar həm Xalidin nədən kökəldiyini üzə çıxarıb, həm də məlum olub ki, o, hazırda dünyanın 2-ci ən ağır sakinidir. Müalicə kursu mədəkiçiltmə əməliyyatı ilə başlayıb. Sonrasında həkimlər tərəfindən ona dieta təyin edilib və buna ciddi şəkildə əməl etməsi tövsiyə edilib. Xalid yavaş-yavaş arıqlamağa başlayıb, artıq hərəkət edə bilib. Bu, gənci daha da həvəsləndirib. O, hədsiz yemək qəbul etmək vərdişi ilə vidalaşmalı olub. Bu, elə də asan başa gəlməyib. Orqanizmi az yeməyə alışdırmaq üçün ruhi möhkəmlik də tələb olunub. Xalid bunun öhdəsindən gələ bilib. Gəncin müalicəsində həm tibbi, həm də psixoloji xidmətlərdən istifadə edilib. Müalicə 5 il davam edib. Nəhayət, Xalid 542 kiloqram arıqlayaraq 68 kiloqram çəkiyə düşüb. 2018-ci ildə isə Xalid daha bir əməliyyat keçirib. Arıqladığı üçün sallanan dərisi əməliyyatla götürülüb. Onu əvvəlcə tanıyanlar yeni halını görəndə heyrətə düşür. Hazırda 32 yaşı olan Xalid “özümü dünyaya yenidən gəlmiş kimi hiss edirəm”, - deyib.