Meşə yanğınlarına qarşı yeni vasitə tapılıb

Ağaclara cihaz quraşdırılır

  Türkiyədə meşə yanğınlarının qarşısının alınması məqsədilə yeni üsula əl atılıb. Meşə yanğınları təhlükəsinin ən böyük olduğu yerlərdə havanın temperaturunu ölçən xüsusi cihaz ağaclardan asılacaq. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, belə cihazlar İstanbulun Adalar ərazisindəki Heybəli adada quraşdırılıb artıq. “Kozalak” adı verilən cihaz günəş enerjisi ilə çalışır. Cihaz Türkiyə mühəndisləri tərəfindən düzəldilib. Cihaz ağacların gövdəsinə bərkidilir və yanğın təhlükəsi dərəcəsini ölçür. Əgər havanın temperaturu 30 dərəcədən yüksəyə qalxarsa, rütubət isə 40 faizdən aşağı olarsa, cihaz siqnal verməyə başlayır və təhlükədən xəbərdar edir. İstanbul Meşə Yanğınlarıyla Mücadilə Şöbə müdiri İkram Çelik bu cihazlar sayəsində yanğından əvvəl tədbir görə bildiklərini deyib: “Hava və rütubətlə bağlı normalar cihazın yaddaşına yüklənib. Normalar aşıldıqda cihaz siqnal verir. Bunun sayəsində hansı bölgədə yanğın təhlükəsi olduğunu, yanğın başlaya biləcəyini öyrənirik və həmin ərazi nəzarət altına alınır”. Şöbə müdiri son illərdə artan meşə yanğınlarının qarşısını bu cihazların köməyi ilə ala biləcəklərini söyləyib.