Beynəlxalq təşkilatlar isə Ermənistana mina xəritələri ilə bağlı təzyiq etmək istəmir
Fevralın 5-də əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Azər Məmmədov xəsarət alıb. Piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib. Hadisə işğaldan azad edilən Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otararkən baş verib. A.Məmmədov bir müddətdir fərdi təsərrüfatında xırdabuynuzlu heyvanların saxlanılması ilə məşğul olurmuş. Qeyd edək ki, ötən gün də Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı baş vermişdi. Hadisə nəticəsində rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Həsənəli Əlizadə ayağından xəsarət almışdı. Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib ki, Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğundan daha aktualdır: “Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur". Məlumat üçün bildirək ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər mina partlayışının qurbanı olub. Mina terroru - ümumilikdə erməni terrorunun əsas göstəricilərindən biridir. Uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsini ermənilər minalayıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Məhz Ermənistanın çirkin oyunlarının nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. 3 ildir davam edən səylərə baxmayaraq, minalı ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi itkilərin sayının artması ilə nəticələnir. Bu isə öz-özlüyündə qarşılıqlı etimad mühitinin yaranmasına, həmçinin sülh müqaviləsi məsələsinə mənfi təsir edir.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a bildirib ki, ermənilərin döşədiyi minalardan Azərbaycan vətəndaşları əziyyət çəkirsə, həyatını itirirsə, bu o deməkdir ki, Ermənistan-Azərbaycan arasında müharibə hələ davam edir. Deputatın sözlərinə görə, belə olan halda əlbəttə ki, hər hansı sülhdən danışmaq olmaz:
"Müharibədən 3 il ötüb və Ermənistan hələ təzə bəyan edir ki, əlində yeni mina xəritələri var və onlardan 8-ni Azərbaycana verə bilər. Deməli, müharibədən üç ildən çox zaman keçsə də, Ermənistan əlində olan mina xəritələrini qəsdən vermir. İrəvan istəyir ki, Azərbaycan vətəndaşları mina terrorundan əziyyət çəksin, itkilər versin. Bu da öz-özlüyündə müharibə, mina müharibəsi deməkdir. Niyə 3 ildir sülh əldə edə bilmədiyimizin izahıdır? Ermənistanın mövqeyinin ifadəsidir ki, İrəvan sülh istəmir. Əlbəttə, ilk növbədə beynəlxalq təşkilatlar, Azərbaycanı "insan hüquqlarını məhdudlaşdırmaqda" ittiham edən AŞPA yaxşı olar ki, mina xəritələrini Azərbaycana verməyənə qədər Ermənistan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini məhdudlaşdırsın. Əgər AŞPA insan hüquqlarını əhəmiyyətli hesab edirsə, nəyə görə adekvat tədbirləri Ermənistan nümayəndə heyətinə qarşı göstərmir?! Ermənistan nümayəndə heyəti qarşısında tələb qoymur ki, mina xəritələrini azərbaycanlılara verin. Beynəlxalq təşkilatlar məhz bu barədə, sülh barədə düşünsünlər. Belə halda həm regionda sülhü tez əldə etmək, həm də mina terroruna son qoymaq olar".