Havada bomba həyəcanı: ABŞ təyyarəsi təcili eniş etdi

ABŞ-da sərnişin təyyarəsi tualetdə tapılan hədə yazısına görə təcili eniş etməli olub.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərə görə, Nevark Liberty Beynəlxalq Hava Limanından Los-Ancelesə qalxan United Airline şirkətinə məxsus təyyarədə bomba qorxusu yaşanıb.

Polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində “təyyarə partlayacaq” qeydi tapılıb. Bunun üzərinə 202 sərnişini daşıyan təyyarə Çikaqonun O'Hare hava limanına təcili eniş üçün istiqamətləndirilib.

Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyyə edib və saatlarla polis itləri ilə təyyarədə axtarış etsələr də, heç nə tapa bilməyiblər.

Daha sonra FTB-nin Çikaqo ofisindən verilən açıqlamada, "Hazırda ictimai təhlükəsizliyə və ya obyektə qarşı qaçılmaz təhlükənin əlaməti yoxdur" deyə məlumat verilib.

Bomba təhlükəsinin əsassız olduğu üzə çıxdıqdan sonra təyyarə Çikaqodan yenidən Los Anceles Beynəlxalq Hava Limanına doğru yola düşüb.