OMON-çular azadlığa buraxıla bilər -ŞOK AÇIQLAMA

Onlar arasında elələri var ki, 20 ildən artıqdır həbsdədirlər

“Ümid edirik ki, tərəfimizdən təqdim olunan müraciətlərə də müsbət yanaşılacaq və adları bizim siyahıda olanlara da Əfv fərmanı şamil ediləcək”
 
 “Biz OMON-çuların azadlığa çıxacağını gözləyirik. Ümid edirik ki, bizim təqdim etdiyimiz siyahıda adları olan şəxslərlə bağlı müraciətlərə də baxılacaq”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı deyib. S.Bənənyarlı qeyd edib ki, Əfv Məsələləri üzrə Komissiyanın iclaslarının başlanması ümidvericidir:
- Müəyyən fasilədən sonra Əfv Komissiyasının iclasları yenidən başlayıb. Bildiyiniz kimi, ilk iclas keçirilib və 100-dən artıq müraciətə baxılıb. Komissiyanın işini yekunlaşdırması üçün daha 2-3 toplantı keçirilməlidir. Çünki müraciətlər çoxdur, onların hamısına baxmaq üçün vaxt tələb olunur. Belə hesab edirəm ki, Əfv Komissiyasının toplantılarını yekunlaşdırması may ayınadək davam edəcək. Yəqin ki, komissiyanın rəyi, müraciətlər cənab Prezidentə təqdim olunacaq. Əfv Fərmanının imzalanması birbaşa Prezidentin səlahiyyətidir. Zənnimcə, may ayında Əfv fərmanı imzalana bilər.  
 
Əfv fərmanının kimləri əhatə edəcəyinə gəlincə, S.Bənənyarlı dəqiq fikir bildirməyin çətin olduğunu dedi:
- Biz öz tərəfimizdən siyahı təqdim edirik. Bizə daxil olan müraciətləri də komissiyaya yönləndiririk. Müraciətlərə baxılır, məhbuslar haqqında təqdim olunan rəylər də nəzərə alınır. Hesab edirəm ki, məsələn, hazırda həbsdə olan OMON-çular azadlığa buraxıla bilər. Görün, neçə il keçir həmin hadisələrdən. Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib, Qarabağımız azaddır.  Məncə, bu insanlar əfv edilməlidir. Onlar arasında elələri var ki, 20 ildən artıqdır həbsdədirlər, xəstə olanları var. Ümid edirik ki, tərəfimizdən təqdim olunan müraciətlərə də müsbət yanaşılacaq və adları bizim siyahıda olanlara da Əfv fərmanı şamil ediləcək.