Həyətdəki kitabxanasını sökülən şairin harayına “çatanlar"

“Mənim kitabxanamı talan edənlər, nədənsə, həyətdəki bəzi obyektlərə, market və qaraj yerlərinə əl vurmayıblar”

Akif Əhmədgil kitabxananı xilas etmək üçün onu Yazıçılar Birliyinin balansına keçirməyə razıdır

  Şair, tərcüməçi Akif Əhmədgilin öz əlləriylə ərsəyə gətirdiyi kitabxana sökülüb. Bu barədə sosial şəbəkədə məlumat verən şair “kitabxananamı niyə sökdülər, niyə dağıtdılar?” deyə sitəm edib. Şair qeyd edir ki, Yasamal rayonunda həyətdəki kitabxanası yerlə yeksan edilib:
- Əkdiyim qızıl gül kollarını tapdayıblar, mərhum şair dostum Eldar Baxışın "Eldar şamı" şeirinin şərəfinə əkdiyim şam ağaclarının qol-budağını sındırıblar. Düzdür, tələm-tələsik bəzi kitablarımı və Nuru Paşanın bir rəssam dostuma çəkdirdiyim böyük portretini qırğından xilas edə bildim. Amma nə fayda? Olan oldu. Həmin kitabxanada hər il sentyabdın 15-də Bakının Qurtuluş Günündə Nuru Paşanın adını anırdıq, sərgi keçirirdik, kitab təqdimatı təşkil olunurdu, məktəblilərə uşaq kitabları paylayırdıq.
  Şair qeyd edib ki, həyətdə səliqə-sahman, təmizlik aparılmasının əleyhinə deyil. Amma niyə məhz birinci kitabxanadan başlayıblar, həyətdə digər qeyri-qanuni əlavə tikililər, obyektlər olduğu halda:
- Təbii ki, mən də həyətdə təmizlik işləri aparılmasının tərəfdarıyam. Amma mənim kitabxanamı talan edən məsul şəxslər, nədənsə, həyətdəki bəzi obyektlərə, market və qaraj yerlərinə əl vurmayıblar, onları sökməyiblər. Soruşanda deyirlər ki, həmin obyektlərin sənədi var. İndi mən Yasamal Rayon İcra Hakimiyyətindən soruşuram, necə olur ki, həmin obyektlərə, marketlərə, qaraj yerlərinə sənəd verə bilirlər, amma mənim kiçik bir kitabxanama sənəd vermirlər? Görəsən, bunun üçün nə lazımdır?
Şairin harayına “çatanlar” da ona məsləhət verərək bildirir ki, məhkəməyə müraciət etsin.
“Şərq”ə danışan Akif Əhmədgil kitabxananı xilas etmək üçün onu Yazıçılar Birliyinin balansına keçirməyə razı olduğunu dedi:
- Bəlkə belə olsa, kitabxanamı mənə qaytararlar. Gələcəyə ümidlə baxıram.
Akif Əhmədgil bildirdi ki, mübarizəni davam etdirəcək, Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edib, haqqını tələb edəcək:
- Kitabxanaya, kitablara qarşı soyqırımı törədənlər kitaba, elmə, biliyə, mədəniyyətə önəm verməyi bacarmayanlardır.