Azərbaycanda dəyəri 101 milyon manat olan narkotik qanunsuz dövriyyədən çıxarılıb

2024-cü ilin yanvar-iyun ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
“Sherg.az” xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyun aylarının yekununa dair məlumatda bildirilib.
Qeyd edilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5675 cinayət faktı aşkarlanmışdır. Onlardan 1734-ü narkotik vasitələrin qanunsuz satışı, 3822-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 116-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 722 kq 642, 725 qr narkotik vasitələrin və psixotrop maddələrin 431 kq 354,395 qr-nı heroin, 2 ton 931 kq 754,672 qr-nı marixuana, 94 kq 096,434 qr-nı tiryək, 27 kq 564,001 qr-nı həşiş, 131 kq 365,203 qr-nı psixotrop maddələr, 106 kq 508,02 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 13 560 ədəd metadon, 6251 ədəd çətənə kolu, 502,4 qr və 2 ədəd güclü təsir edən və 2 kq 174,5 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 648 hektar sahədən 2 083 830 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 722 kq 642,725 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 101 milyon 013.000 min AZN kimi qiymətləndirilir.