İti öldürənə həbs cəzası

 Türkiyənin İzmir bölgəsi, Karşıyaka əyalətində “Haki” adlı köpəyi təpikləyərək ölümünə səbəb olan Ləvənt Türksevərin 6 ay 22 günlük həbs cəzası yüngülləşdirilərək 3 ay 22 günə endirilib. 
Məhkəmə təqsirləndirilən şəxsin səmimi etiraflarını, köpəyi öldürmək niyyəti olmadığını, köpəyin davranışının onu təhrik etdiyini nəzərə alaraq cəzanın azaldılmasına qərar verib. Cərimə məbləği isə 6 min 720 TL müəyyən edilib. Hadisə isə 2023-cü ilin 7 iyulunda Bostanlı məhəlləsindəki bəstəkar Sədi Xoşsəs küçəsində bir təndirxananın önündə baş verib. Evli xanım və 2 uşaq anası olan Sibel Gedik akita cinsindən olan 4 yaşlı köpəyi Hakini gəzintiyə çıxarıb. Gəzinti zamanı Sibel Gedik təndirxanaya daxil olmaq istəyib, lakin bağçada bağlı olmayan kiçik bir it görüb fikrindən daşınıb və gözləməyə başlayıb. Bu zaman kiçik it Hakiyə tərəf gəlib. İtin sahibi Ləvənt Tüksevər isə onun ardınca gələrək Hakini təpiklə vurub. Ayağı sürüşüb yıxılan Ləvənt Türksevər ayağa qalxıb Hakini bu dəfə qarnından təpikləyib. Olanlar təndirxananın müşahidə kamerasıyla görüntülənib. Sibel Gedik polisə şikayət edib və L.Türksevər polis tərəfindən saxlanılıb. Onun barəsində “bir heyvanı və ya ev heyvanı qəsdən öldürmək” cinayəti üzrə məhkəmə istintaqı başlanılıb. L.Türksevər barəsində 5199 Saylı Heyvanları Qoruma Qanununa görə, 6 aydan 4 ilə qədər həbs cəzası istənilib. Məhkəmədə şübhəlinin müdafiə çıxışı oxunub. Müdafiə çıxışında təqsirləndirilən şəxs köpəyi öldürmək niyyəti olmadığını, öz itini müdafiə etmək üçün Hakini vurduğunu bildirib və bəraət almasını istəyib. Məhkəmə də bunu nəzərə alaraq təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsinə qərar verib. Onun həbs müddəti 6 aydan 3 aya endirilib.