Sosioloq: Oğlanın yox cavabına görə qızı və anasını maşınla vurması məqbul deyil

Bu, həm qanun pozuntusu, həm də insanlıq dəyərlərinə zidd bir hərəkətdir

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi zamanı ana və qızı xəsarət alıb.
"Report" məlumat verir ki, 2001-ci il təvəllüdlü A.Kərimova və onun anası 1971-ci il təvəllüdlü T.Əskərova işdən gələrkən onları Araz adlı şəxs maşınla vurub.
Yaralıların bildirdiyinə görə, Araz adlı şəxs bir neçə gün əvvəl onlara elçi gəlib və yox cavabı aldığına görə qəsdən bu hadisəni törədib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, bu cür hərəkət, xüsusilə cəmiyyətin normalarına zidd olan, şiddət və təhdidə əsaslanan bir davranışdır:

“Oğlanın, bir cavaba görə qızı və anasını maşınla vurması məqbul deyil. Bu, həm qanun pozuntusu, həm də insanlıq dəyərlərinə zidd bir hərəkətdir. Hətta cinayət tərkibli işdir. Çünki artıq burada bilərəkdən başqasının həyatına qəsd etmək vəziyyəti var. Yəqin ki, bununla bağlı həmin şəxsə hüquq mühafizə orqanları lazımi işi görəcək və cəza tətbiq ediləcək. Digər tərəfdən bu həm də sağlam görünən, lakin ətrafımızda gəzən insanların nə qədər təhlükəli ola biləcəyini sübut edən vəziyyətidir. Ümumiyyətlə bir qıza elçi getmək və ondan yox cavabı almaq tamamilə normal bir vəziyyətdir. Əgər qızın könlü varsa hə cavabı, könlü yoxdursa yox cavabı verəcək. Tamamilə təbii bir vəziyyətdir və bütün oğlanlar da bunu bilir. Sabah boşanmalara, ailədaxili zorakılıqlara, qətllərə səbəb olan, məsələlərdən biridir. Bu cür davranışların qarşısının alınması üçün, cəmiyyətin şiddətə qarşı mövqeyinin gücləndirilməsi vacibdir”.