Ötən il dekabrın 8-də Artvinin Arhavi rayonunda Qara dəniz sahil yolunda baş verən və 4 nəfərin ölümünə səbəb olan sürüşmənin ardından bir kənd uçurumun kənarında qalıb. Sürüşmənin baş verdiyi yamacda yerləşən kənddə sürüşmə riski davam edir, yolda qazıntı təmizləmə işlərini yekunlaşdırmaq mümkün olmayıb.
Sherg.az xəbər verir ki, Arhavi rayonundakı Güngören kəndi sürüşmənin düz üstündə yerləşdiyi üçün böyük risk altındadır.
209 təsərrüfatdan ibarət kənddə 9 təsərrüfat birbaşa təhlükə altında olub və bu evlərdən ikisi təxliyə edilib.
Kənd sakinləri hər an növbəti sürüşmənin baş verə biləcəyi qorxusu ilə yaşamağa davam edir.
Kəndin yollarında, əkinçilik sahələrində, hətta evlərdə çatların əmələ gəldiyini bildirən yerli sakinlər sürüşmə sahəsində təhlükənin davam etdiyini bildirir və aidiyyatı qurumlardan təcili həll olunmasını tələb edirlər.
Mövzu ilə bağlı açıqlama verən Güngören kəndi muxtarı Murat Yılmaz, “Təxminən 50 gündür sürüşmənin üstündəyik. Hər gün bura gəlib yoxlayıram. Sürüşmə, çatlama və partlama davam edir. Risk qalır” deyə bildirib.
Böyük bir fəlakət baş verməzdən əvvəl tədbir görülməsi lazım olduğunu bildirən muxtar, “AFAD gəlib lazımi yoxlamanı apardı. Lazım olan evləri boşaltdı. Amma dediyim kimi, risk davam edir və mümkün qədər tez həll olunmalıdır” deyə danışıb.
Kənd sakinlərindən Həsən Arslan qeyd edir: “Mən bu kənddə doğulmuşam, məzarım bu kənddə olacaq. Amma bu sürüşmə nəticəsində xeyli ziyan çəkdik. Bu şikayət dövlətimiz tərəfindən aradan qaldırılmalıdır”.
Selman Zaim isə “Əl-ayağımız işlərdən soyuyub. Heç bir həyat təhlükəsizliyimiz yoxdur. Ömrümüz burada keçib, varlığımız bura bağlıdır. Yeni tikdiyimiz evlər müsadirə oluna bilər. Bu bizim günahımız deyil, bu şərtlərlə ev tikə bilmərik. Kəndlilərin həyatı qorunmalıdır” ifadələrdən istifadə edib.