ABŞ-nin hərbi təyyarəsi uçuş zamanı fövqəladə siqnal verib

ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus strateji nəqliyyat təyyarəsi “C-17A Globemaster III” Küveytdəki Əli əl-Səlim aviabazasından qalxdıqdan qısa müddət sonra 7700 kodlu həyəcan siqnalı verib.

Teleqraf xəbər verir ki, bu barədə “Egypt’s Intel Observer” analitik resursu məlumat yayıb.

Məlumata görə, təyyarə İordaniyada yerləşən Kral Faysal istiqamətində uçuş həyata keçirirdi.

Qeyd edək ki, 7700 kodlu həyəcan siqnalı uçuş zamanı ümumi fövqəladə vəziyyəti ifadə edir və ekipajın mexaniki nasazlıq, sağlamlıq problemi və ya digər kritik vəziyyətlə üzləşdiyini göstərir.

Eyni zamanda, “TASS” agentliyi mənbəyə istinadən xəbər verib ki, ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Türkiyədə məcburi eniş edib.

“Yunanıstanın Kos adası yaxınlığından havaya qalxan “Boeing C-17A Globemaster III” təyyarəsi Türkiyə hava məkanında olarkən həyəcan siqnalı göndərib və hazırda eniş həyata keçirir”, – deyə mənbə bildirib.

Mənbə təyyarədə yaranmış fövqəladə vəziyyətin səbəbini açıqlamayıb. Sözügedən təyyarə ilk uçuşunu təxminən 20 il əvvəl həyata keçirib.