Eskişehir şəhərində 6 gündür itkin düşən türk dili müəllimi Tuncay Arslanın axtarışları davam edir.
Məlumata görə, Tuncay Arslan 16 dekabr tarixində Gökmeydan məhəlləsi, Dedeefendi küçəsində yerləşən evindən ayrılıb və bir daha geri qayıtmayıb.
Sherg.az xəbər verir ki, Arslanın evə dönməməsindən narahat olan yaxınları polisə müraciət edib. Daxil olan müraciətdən sonra hüquq-mühafizə orqanları onun tapılması üçün axtarış əməliyyatlarına başlayıb.
Aparılan araşdırmalar nəticəsində Tuncay Arslanın sonuncu dəfə Doğualp küçəsində göründüyü müəyyən edilib. Onun yaxınlıqda yerləşən Porsuk çayına düşmüş ola biləcəyi ehtimal edilir.
Axtarışlar çərçivəsində Porsuk çayının su qapaqları bağlanıb və çayın içindəki suyun böyük hissəsi boşaldılıb. Çay yatağında aparılan yoxlamalar zamanı hələlik hər hansı iz aşkarlanmayıb.
Axtarış-xilasetmə işlərinə AFAD da daxil olmaqla 50 nəfərlik heyət cəlb olunub.
Axtarışlar Porsuk çayının Kentpark ərazisində davam etdirilir. Bundan əlavə, iki pilotsuz uçuş aparatı (drone) vasitəsilə havadan da axtarış aparılır.