Məktəbdə 10 nəfərin ölümü ilə bağlı ilk məhkəmə - Atası: “Oğlumdan şikayətçiyəm”

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı iş üzrə ilk məhkəmə iclası keçirilib. 10 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olan İsa Aras Mersinlinin (14) atası polis başmüfəttişi Uğur Mersinli (54) və anası Peyman Pınar Mersinli (52) ilk dəfə hakim qarşısına çıxıblar. Ata ittihamları rədd edərək, hadisənin birbaşa təqsirkarının oğlu olduğunu bildirib və “İsa Aras Mersinli barəsində ayrıca cinayət işi açılmalıdır” deyib.

Sherg.az xəbər verir ki, Kahramanmaraşda Ayser Çalık Orta Məktəbində müəllim Ayla Kara və 9 şagirdin öldüyü silahlı hücumla bağlı məhkəmə prosesi başlayıb. Kahramanmaraş 3-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda həbsdə olan Uğur Mersinli və Peyman Pınar Mersinli SEGBİS sistemi vasitəsilə dinlənilib.

Kahramanmaraş Respublika Baş Prokurorluğu Uğur Mersinli barəsində “ehtimal olunan qəsdlə adam öldürmə” və “6136 saylı Qanunun pozulması”, Peyman Pınar Mersinli barəsində isə “şüurlu ehtiyatsızlıq nəticəsində ölümə və xəsarət yetirilməsinə səbəb olma” ittihamları ilə cinayət işi açıb.

Aprelin 15-də Ayser Çalık Orta Məktəbində baş verən, 9 şagird və 1 müəllimin həyatını itirdiyi silahlı hücumla bağlı iş üzrə ilk məhkəmə iclası keçirilib.

İclasdan əvvəl zərərçəkmiş ailələrin vəkili Özcan Kara bildirib ki, bu məhkəmənin sonunda çıxarılacaq qərar valideynlərin uşaqlarının təhsili və nəzarəti ilə bağlı gələcəkdə mühüm hüquqi sənəd olacaq və cəmiyyətə istiqamət verəcək.

Vəkilin sözlərinə görə, prokurorluq Uğur Mersinli üçün 10 dəfə ömürlük və əlavə olaraq 30 ilədək həbs, Peyman Pınar Mersinli üçün isə 22 il 6 ayadək həbs cəzası tələb edir.

“OĞLUM BARƏDƏ CİNAYƏT İŞİ AÇILMALIDIR”

İttihamın əsasını evdə 7 dolu tapança darağının və 2 ov tüfənginin saxlanılması təşkil edir. Ailənin uşağın psixoloji problemlərindən xəbərdar olduğu və buna baxmayaraq silahları evdə saxladığı bildirilir. Bundan başqa, uşağın atış poliqonunda silahdan istifadə etməsinə şərait yaradılması da valideynlərin məsuliyyəti kimi göstərilir.

Uğur Mersinli müdafiəsində ittihamları rədd edib.

“Hadisənin təqsirkarı İsa Aras Mersinlidir. Buna görə də onun barəsində cinayət işi açılmalıdır. İsa Aras Mersinli hadisənin birbaşa təqsirkarıdır, təhrikçilikdən söhbət gedə bilməz. Ana və ataların cəzalandırılması, bununla da nümunə göstərilməsi yanaşması tamamilə yanlışdır”, – deyə o bildirib.

Mersinli qeyd edib ki, ittiham aktında ən azı 90 dəfə hadisənin təqsirkarı kimi İsa Aras Mersinlinin adı çəkilir, lakin onun barəsində ayrıca iş açılmayıb.

“İsa Aras Mersinli barəsində qəsdən adam öldürmə, qəsdən xəsarət yetirmə və oğurluq ittihamları ilə ictimai cinayət işi açılmalıdır. Silahlarımı oğurladığı üçün mən də İsa Aras Mersinlidən şikayətçiyəm. Oğlum silahları məndən icazəsiz və xəbərsiz götürüb”, – deyə Uğur Mersinli bildirib.

O, oğlunun 32 dəfə məktəbin psixoloji məsləhət xidmətinə müraciət etməsinin tarix və səbəblərinin, eləcə də psixoloqun qeydlərinin müəyyənləşdirilməsini tələb edib.

Mersinli həmçinin hadisə zamanı və ondan əvvəl məktəbdə idarəetmə boşluğunun olub-olmadığının araşdırılmasını istəyib.

ANA AĞLAYARAQ İFADƏ VERİB

Peyman Pınar Mersinli isə müdafiəsi zamanı ağlayıb.

“Mən də başsağlığı verərək başlamaq istəyərdim. Amma məni bir caninin anası kimi gördüyünüz üçün nə deyəcəyimi bilmirəm. Hadisənin şokundayam, dərman qəbul etməyə başlamışam. Silahların nə qədər olduğunu və hansı silahlar olduğunu bilmirəm”, - deyə o bildirib.

O, oğlunun əvvəllər huşunu itirərək xəstəxanaya aparıldığını və psixiatra müraciət etməsinin tövsiyə edildiyini, bundan sonra ailənin araşdırma apardığını deyib.

“Çox üzgünəm, hər kəs adından çox üzgünəm. Evdən çıxarkən onu gördüm, amma çantasının içində silah olduğunu necə düşünə bilərdim?” - deyə ana bildirib.

HADİSƏ NECƏ BAŞ VERMİŞDİ?

Aprelin 15-də Kahramanmaraşdakı Ayser Çalık Orta Məktəbində İsa Aras Mersinli tərəfindən silahlı hücum törədilib.

Hadisə nəticəsində riyaziyyat müəllimi Ayla Kara (56) və 9 şagird -Adnan Göktürk Yeşil (11), Almina Ağaoğlu (11), Bayram Nabi Şişik (11), Furkan Sancak Balal (11), Kerem Erdem Güngör (11), Yusuf Tarık Gül (12), Şuranur Sevgi Kazancı (12), Zeynəb Kılıç (11) və daha bir şagird həyatını itirib. 15 şagird isə yaralanıb.

İsa Aras Mersinlinin atasına məxsus 5 silah və 7 daraqla məktəbə hücum etdiyi bildirilir. Silah səslərini eşidərək məktəbə daxil olan Necmettin Bekçi hücumçunu bıçaqla zərərsizləşdirib.

Hadisədən sonra İsa Aras Mersinlinin atası, polis başmüfəttişi Uğur Mersinli və anası, müəllim Peyman Pınar Mersinli həbs ediliblər.