Sosial şəbəkədə əxlaqsızlığı təbliğ edən şəxs həbs edilib

Bakının Nəsimi rayonunda sosial şəbəkədə əxlaqsızlığı təbliğ edən şəxs həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, İsmayıllı rayon sakini, 2005-ci il təvəllüdlü Vüqar Sadıqov (ad-soyad şərti verilib – red.) “Tik Tok” və “İnstagram” sosial şəbəkə platformalarında cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videoları paylaşıb.

Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Sadıqov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 19-cu polis şöbəsinə gətirilib.

Şöbədə məlum olub ki, həmin şəxs cinsi azlıq nümayəndəsidir.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 və 524-cü maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Sadıqov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Telegram” sosial şəbəkəsində müxtəlif şəxslərlə tanış olaraq onlarla seksual xarakterli söhbətlər aparıb, göstərdiyi intim xidmətlərin qiyməti barədə məlumat verib, müxtəlif şəxslərlə yazışıb.

O, əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini deyib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sadıqov 30 gün müddətinə həbs edilib.