Rusiya Şimali Koreya hərbçilərini Ukraynanın şərqindəki döyüşlərə cəlb edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Xortitsia” qoşun qrupunun sözçüsü Nazar Voloşin məlumat verib.
Onun sözlərinə görə, ruslar artıq Koreya əsgərlərini hərbi hissələrinin tərkibində döyüşə cəlb edirlər.
"İstisna deyil ki, tezliklə şərq istiqamətlərində böyük itkilərə görə Rusiya əsgərləri ilə birlikdə döyüş əməliyyatlarında iştirak edəcək Şimali Koreya nümayəndələrindən də cəbhə bölgələrimizdə istifadə etmək mümkündür. Bununla belə, müdafiə qüvvələrimiz onlarla qarşılaşmağa hazırdırlar, rus işğalçıları kimi, onlar da məhv ediləcəklər”, - Voloşin belə vurğulayıb.
Dünən Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın Şimali Koreyadan olan xeyli sayda əsgərdən hücumlarda istifadə etməyə başladığına dair sübutlar var.
Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreya əsgərləri Rusiya ordusunun dəniz piyadaları və hava-desant qoşunlarının birləşmiş hissələrinin tərkibində döyüşürlər, artıq ilk itkilərə məruz qalıblar.