Ekspert: Azərbaycan da silahlı qüvvələrdə reformlara başlaya bilər

Ədalət Verdiyev: “Türkiyə ordu modelinə keçid Azərbaycan üçün real ssenaridir”

Ermənistanın müdafiə naziri Suren Papikyan “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişiklik edərək sıravi heyət üçün məcburi hərbi xidmət müddətinin 24 aydan 18 aya endirilməsini təklif edib. Bu təşəbbüs Azərbaycanda da sülh sazişindən sonra hərbi xidmət müddətinə yenidən baxılma ehtimalına dair suallar yaradır. Dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə müəyyən məbləğ qarşılığında qısa müddətli və ya alternativ hərbi xidmət tətbiq olunur. Türkiyədəki modelin Azərbaycanda da tətbiq olunub-olunmayacağı isə hazırda açıq sual olaraq qalır.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında sülh sazişi mzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin tərkibində də müəyyən dəyişikliklərin edilməsinin gözlənildiyini bildirib: 

"Bu təkliflər hələlik müzakirə mərhələsindədir. Regionda və beynəlxalq aləmdə münaqişələrin, təhdidlərin azaldığı bir vəziyyətdə Azərbaycan da silahlı qüvvələrdə reformlara başlaya bilər. Bu daha çox türk ordu modelinə keçidlə birbaşa əlaqəli proses kimi nəzərdə tutulur". 

Ekspert hazırda bu məsələlərin konkret həlli üçün addımların atılmadığını söyləyib: 

"Ətrafımızda gedən müharibə və münaqişələr başa çatdıqdan sonra Azərbaycan daha kompakt, lakin peşəkar ordu modelinə keçə bilər".