“Pinaka” sülhü təkzib etdi: Ermənistan Azərbaycana qarşı silahlanır

Hindistandan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyası göndərilib. Hindistanın müdafiə naziri Racnat Sinqh “Pinaka” raketlərinin ixracına Naqpurdakı Solar Defence and Aerospace Limited (SDAL) şirkətinin zavodunda start verib.

Qeyd edək ki, Ermənistan Hindistanla 4 ədəd “Pinaka” batareyasının tədarükünü nəzərdə tutan saziş imzalayıb. Keçən ilin yayında Hindistan mediası Ermənistanın Hindistandan silah alışının həcminin 600 milyon dollara çatdığını yazıb.

Hərbi ekspert Ədalət Əliyev "Sherg.az" a açıqlamasında bildirib ki, Ermənistanın “Pinaka” silahlanması sülh ritorikasını ifşa edir: "Ermənistanın Hindistandan “Pinaka” Yaylım Atəşli Reaktiv Sistemlərinin ilk partiyasını alması rəsmi İrəvanın sülh çağırışları ilə real hərbi-siyasi davranışı arasında ciddi ziddiyyətin olduğunu bir daha nümayiş etdirir. Təxminən “Smerç” sinfinə uyğun olan, uzaqmənzilli və hücum xarakterli bu sistemlərin əldə edilməsi müdafiə deyil, məhz hücum doktrinasına xidmət edir.

Hələ də Azərbaycanın dörd kəndini işğal altında saxlayan Ermənistanın bu tip silahlara yiyələnməsi açıq suallar doğurur: sülhə hazır olduğunu iddia edən ölkə kimə və hansı məqsədlə uzaqmənzilli artilleriya alayları formalaşdırır? Bu batareyaların yerləşdirilməsi və döyüş tapşırıqları regionda yeni gərginlik ocaqları yaradmaq potensialına malikdir".

Ekspertin sözlərinə görə, əsas diqqətçəkən məqam Ermənistanın maliyyə imkanları ilə bağlıdır. Onun fikrincə, beynəlxalq platformalarda davamlı şəkildə yardım və dəstək dilənən, iqtisadi baxımdan asılı vəziyyətdə olan bir ölkənin milyardlarla dollar dəyərində ağır hücum silahları alması sual altındadır: "Əgər Ermənistanın bu qədər maliyyə resursu varsa, ilk növbədə Azərbaycanın işğal dövründə dağıdılmış ərazilərinə görə kompensasiya ödəməlidir. Unutmaq olmaz ki, Ermənistanın hərbi doktrinası, milli təhlükəsizlik strategiyası və hətta konstitusiyası hələ də Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Bu sənədlər dəyişmədiyi müddətdə silahlanma “təhlükəsizlik” deyil, revanşizm anlamına gəlir. Müharibə bitdiyi gündən etibarən işğalçı ordunun şəxsi heyətinə, hücum silahlarının növ və sayına beynəlxalq mexanizmlərlə məhdudiyyətlərin tətbiqi zəruridir. Əks halda regionda davamlı sülhdən danışmaq mümkün deyil.

Ermənistanın əldə etdiyi bu silahların Türkiyə, İran və ya Gürcüstana qarşı istifadə edilməsi real görünmür. Tarix və geosiyasi reallıqlar göstərir ki, bu arsenalın yeganə ünvanı Azərbaycandır. Bu fonda Azərbaycanın sülh naminə göstərdiyi iqtisadi və siyasi jestlər, yaratdığı imkanlar fonunda Ermənistan rəhbərliyinin uzaqmənzilli hücum silahları ilə cavab verməsi açıq nankorluq nümunəsidir.

Nankorun buynuzu olmur-deyirlər, amma olsa daha yaxşı olardı. Ermənistanın bugünkü silahlanma siyasəti region üçün təhlükə vəd edir".