“Latsio” 5-ci dəfə İtaliya Super Kubokunun qalibi olub


Dekabrın 22-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Yuventus” və “Latsio” komandaları arasında futbol üzrə İtaliya Super Kuboku uğrunda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “King Saud University” stadionunda təşkil olunmuş qarşılaşma ötən mövsümün çempionu “Yuventus” və ölkə kubokunun qalibi “Latsio” arasında oynanılıb.

Görüş “Latsio” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 17-ci dəqiqəsində Luis Alberto fərqlənib.

Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış “Yuventus” hesaba tarazlıq gətirib. Paolo Dibala adını tabloya yazdırıb.

Qarşılaşmanın ikinci hissəsinin 73-cü dəqiqəsində “Latsio” yenidən hesabda önə keçib. Senad Luliç cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Buda oyunda son qol olmayıb. Görüşün 90-ci dəqiqəsində “Latsio” üçüncü dəfə “Yuventus”un qapısına yol tapıb. Daniel Kataldi cərimə zərbəsindən baxımlı qola imza atıb. Bu cərimə zərbəsinə görə baş hakim turinlilərin futbolçusu Rodriqo Bentankura ikinci sarı vərəqə göstərərək meydandan uzağlaşdırıb.

Qalan dəqiqələrdə hesab dəyişilməyib və “Latsio” tarixində 5-ci dəfə İtaliya Super Kubokun qalibi adı qazanıb.

Qeyd edək ki, “Yuventus” ötən mövsüm ardıcıl 9-cu və ümumilikdə 35-ci dəfə İtaliya çempionu olub. “Latsio” isə ölkə kubokunu qalibidir.

İtaliya Super kubokun finalı Səudiyyə Ərəbistanda keçirilməsinə görə meydan sahibi hər kluba 3 milyon 100 min avro, İtaliya Futbol Federasiyasına isə 700 min avro ödəyib.

Turin təmsilçisi həlledici görüş üçün xüsusi geyim dəsti hazırlatdırıb.

Futbolçular matça üzərində adları ərəb əlifbası ilə yazılan formalarla çıxıb.