Federasiya prezidenti: “İdman həm də sağlam düşüncənin rəhnidir”


Adil Əliyev: “Bütün bunlar dövlət müstəqilliyimizin möhkəmlənməsi, ölkəmizin sabitlik adası kimi qalması və sərhədlərimizin etibarlı  gənclərə həvalə olunması üçün olduqca vacibdir ”

Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev də mərasimdə iştirak edib. Tədbirdə nitq söyləyən dövlət başçısı bunları deyib: 

“Biz hər ilin sonunda idman nailiyyətlərinə yekun vururuq, idmançıları, idman mütəxəssislərini, veteranları mükafatlandırırıq. Bu il də istisna deyil. İlin sonunda bir daha görüşürük, eyni zamanda, gələcək planlar haqqında danışırıq, fikirlərimizi bölüşürük və beləliklə, Azərbaycanda idmanın inkişafı dayanıqlı xarakter alır.Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər. Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik. Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı zirvələrə yüksəklərə qaldırıblar”.

Tədbiri yüksək dəyərləndirən millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Adil Əliyev “Şərq”ə bildirib ki, ilin yekunları ilə bağlı cənab Prezdent hər il olduğu kimi, bu il də idman ictimaiyyətini bir araya toplayıb, sayılıb-seçilən, nəticəsi olan idmançıları mükafatlandırdı. İdman ictimaiyyəti və eləcə də cəmiyyət bunu yüksək qiymətləndirdi:

 Azərbaycanda idmanın inkişafı cənab Prezidentin prioritet hesab etdiyi məsələdir. Düşünürəm ki, ölkə başçısının idmana göstərdiyi diqqət və qayğı illərdir, bəhrəsini verir . Bu da ölkəmizin beynəlxalq arenada tanıdılmasında, ölkəmizin, gənclərimizin dünyaya inteqrasiya olunmasında, dünya ölkələrinin Azərbaycana səfərləri, ölkəmizi tanıması, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, Azərbaycanın nüfuzlu idman yarışlarına ev sahibliyi etməsi Azərbaycan dövlətinin idmana verdiyi dəstəyin aydın təzahürüdür. İnanırıq ki, bu dəstək, diqqət bundan sonra da davam etdiriləcək. Həmin tədbirdə idmançılarımız, Federasiyamızın rəhbər işçiləri evlə mükafatlandırıldılar. Cənab Prezidentin bu nəcib addımı idman ictimaiyyətinin nümayəndəsi kimi bizi çox sevindirir. Əlbəttə, ölkəmizdə idmanın tərəqqisi nəticəsində gənclərin bu sahəyə marağı xeyli artdı. Əksər gənclər küçələrdən, çayxanalardan və internet klublarından böyük idman zallarına gəldilər və yaxşı nəticələr əldə etdilər. İdmanda avropa, dünya və olimpiya zirvəsini fəth edə bilməyən gənclər isə Azərbaycan ordusuna xidmətə yollanırlar. Ordu üçün çevik, bacarıqlı  əsgərlər, zabitlər yetişdiririk. Əlbəttə, idmanın inkişafında başlıca məqsəd beynəlxalq idman arenalarında, dünyanın diqqəti və gözü qarşısında   Azərbaycanın himninin səsləndirilməsinə və şanlı üçrəngli bayrağımızın ucalara yüksəldilməsinə nail olmaqdır. Digər məsələ odur ki, idman tək fiziki sağlamlığın deyil, təfəükkür və düşüncələrin sağlamlaşmasının da rəhnidir. Bütün bunlar isə dövlət müstəqilliyimizin möhkəmlənməsi, ölkəmizin sabitlik adası kimi qalması və sərhədlərimizin etibarlı  gənclərə həvalə olunması üçün olduqca vacibdir. Əslində, Azərbaycanda idmanın inkişafı böyük bir dövlət siyasətinin əsas predmetlərindən birini təşkil edir”. 

Millət vəkili onu da əlavə edib ki, hazırda idman ictimaiyyəti ilə media arasında təmaslar yüksək səviyyədə deyil: 

“Bilirsiniz ki, “reket” jurnalistlər olduğu kimi “reket” idmançılar da var. Bu mənada peşəkar idmançılarla peşəkar media quruluşları, professional jurnalistlər birləşməlidirlər. Təmaslar intensivləşməli, sıxlaşmalıdır. Şübhəsiz, ölkəmizdə idman jurnalistikası inkişaf edir, işinin öhdəsində ləyaqətlə gələn idman yazarlarımız da var. Əfsuslar olsun ki, dələduzlara da rast gəlirik. Qısası peşəkar media ilə idman ictimaiyyəti sıx və məhsuldar əməkdaşlıq etməldir. Belə olan bu sahədəki neqativlər aradan qalxacaq”.