Bir idmançımız 12 illik diskvalifikasiya olunub - AMADA-nın hesabatı


2019-cu ildə Azərbaycanda 1350 dopinq test keçirilib. Onlardan 549-u yarış müddətində, 801-i yarışdan kənar müddətdə götürülüb. 2018-ci ildə 863 və 2017-ci ildə 435 test götürüldüyünü nəzərə alsaq, bu rəqəm 3,1 dəfə artıb.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Anti-Dopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib. 

AMADA 2019-cu il üzrə illik hesabatını təqdim edib. Qurumun rəhbəri bildirib ki, AMADA Beynəlxalq Test Agentliyi, Beynəlxalq Triatlon Birliyi, həmçinin Bolqarıstan və Moldova Milli Antidopinq təşkilatları ilə əməkdaşlıq sazişi imzalanıb.

AMADA 2019-cu ildə 16 antidopinq qayda pozuntusu aşkar edib. Ancaq araşdırmalar davam edir və dəqiq rəqəm 2020-ci ilin ilk aylarında məlum olacaq.

Cari ildə aşkarlanan antidopinq qayda pozuntularından dördü ağırlıqqaldırmada, dördü boksda, ikisi karatedə, ikisi güləşdə, biri atıcılıqda, biri samboda, biro cüdoda, və biri atletikada qeydə alınıb.

2019-cu ildə dörd idmançıya məkan məlumatının təqdim edilməməsinə, doqquz idmançıya isə buraxılmış testə görə xəbərdarlıq edilib. Üç xəbərdarlıqdan sonra antidopinq qayda pozuntusu qeydə alınır.

Cari ildə Azərbaycan idmançılarının bioloji pasportlarının sayı 51-dən 80-ə çatdırılıb.

Həmçinin bildirilib ki, bir idmançı il ərzində iki dəfə antidopinq qayda pozuntusuna yol verdiyindən, 12 illik diskvalifikasiya olunub.

Məşqçilərin bəzi hallarda idmançılarının dopinq testdən keçməsinə mane olduğu, buna görə onları da cəza gözlədiyi bildirilib. Həmçinin bəzi fitnes mərkəzlərində yenə dopinq tərkibli maddələrin satıldığı və hüquq-mühafizə orqanları tərəfindən onlara qarşı hüquqi müstəvidə tədbir görüləcəyi vurğulanıb.