Yaponiya Olimpiya Komitəsi və ölkənin digər əsas idman təşkilatları mütəşəkkil cinayətkarlıqla əlaqəli ola biləcək şəxslərdən təmizləmək üçün rəhbər strukturlarını Baş Polis İdarəsinin köməyi ilə yoxlamağa başlayıb.
TASS bildirir ki, bu barədə “İomiuri” qəzeti yazır.
Nəşrin məlumatına əsasən, yoxlamaya 122 idman assosiasiyası məruz qalacaq. Qəzet bildirir ki, belə təmizləmə gələn il Tokioda Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə kölgə sala biləcək qalmaqalların mümkünlüyünü istisna etmək məqsədi daşıyır.
Yaponiyanın idman tarixində mütəşəkkil cinayətkarlıqla əlaqələrə artıq rast gəlinib. Məsələn, ötən ilin yayında, ölkədə Milli Boks Assosiasiyasının o zamankı rəhbərinin mafioz qurumlarla əlaqələrinin üzə çıxması nəticəsində böyük qalmaqal yaşanmışdı.